"Müstəqil Kürdüstan" üçün səsvermə başladı - TÜRKİYƏ HƏRBİ MÜDAXİLƏ İLƏ HƏDƏLƏYİR

"İraqın şimalındakı referendum ləğv olunmasa, bunun ciddi nəticələri olacaq".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidentinin baş müşaviri və sözçüsü İbrahim Kalın deyib.

 

İ.Kalın bildirib ki, kürd muxtariyyətinin rəhbərliyi bu böyük xətadan dərhal geri dönməlidir.

 

Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 22-də keçirilən toplantısında bu referendum qanunsuz elan edilib və baş tutacağı halda, Ankaranın beynəlxalq və ikitərəfli müqavilələrdən irəli gələn hüquqlarından istifadə edəcəyi bildirilib. "Türkiyə Silahlı Qüvvələri isə hazırda İraqla həmsərhəd ərazidə hərbi təlim keçir" - deyə, o, əlavə edib.


"Bu referendum qərarı yanlış qərardır, macəradır. Lazımi xəbərdarlıqları etdik. Ancaq görürük ki, bu xəbərdarlıqlara məhəl qoyulmur. Bütün dünyanın qarşı olduğu və qonşulardan heç birinin istəmədiyi bir yanlışlığı israrla davam etdirməyin sonu xeyirli olmaz. Bunun əlbəttə ki, əvəzini ödəyəcəklər, amma məsumlar deyil, qərarı verənlər ödəyəcək". Bu sözləri isə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.


Bu arada İraqın şimalındakı kürd muxtariyyətinin sentyabrın 25-nə təyin etdiyi müstəqillik referendumunda onlayn səsvermə başlayıb. Artıq ilk səslər verilib. Kürdüstan bölgəsi Ali Seçki və Referendum Şurasının rəsmi nümayəndəsi Karvan Cəlal saat fərqi ilə əlaqədar Çindəki iraqlı kürdlər arasında elektron səsvermənin başladığını açıqlayıb. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR