Bakıda Ümumdünya Avtomobilsiz Günü - REPORTAJ

Sentyabrın 22-də Bakıda Ümumdünya Avtomobilsiz Günü qeyd olunub.

 

APA TV-nin xəbərinə görə, bununla bağlı Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı və Bakı Nəqliyyat Agentliyinin dəstəyi ilə Bakıda maarifləndirmə xarakterli kütləvi aksiyalar keçirilib.

 

Yürüşün əsas məqsədi insanlar arasında davamlı və ekoloji təmiz nəqliyyat növlərindən, ictimai nəqliyyatdan istifadə edilməsini, eləcə də piyada gəzməyi təbliğ etmək, nəticədə atmosferə atılan tullantıların azaldılmasına töhfə verməkdən ibarətdir.

 

“Azneft” dairəsindən başlayan veloyürüş Heydər Əliyev Mərkəzində başa çatıb.

 

Daha sonra tədbir Mərkəzin parkında maarifləndirici və əyləncəli proqramlarla davam etdirilib. Burada ekstrim velosipedçi və skeytbordçuların şousu, uşaqlar üçün velosiped təlimləri, velosipedlərdən təhlükəsiz istifadə ilə bağlı məlumatlandırma xarakterli oyun və bilik müsabiqələri, Azərbaycanda istehsal olan "ISMA BIKES" velosipedlərinin sərgisi, velodizayner Rafael Həmidoğlunun hazırladığı qeyri-adi əl işi velosipedlərinin nümayişi, musiqi və digər sürprizlər təqdim olunub.

 

Ətraf mühitin mühafizəsinə həsr edilmiş Ümumdünya Avtomobilsiz Gününü geniş miqyasda qeyd etmə ənənəsi ilk olaraq 1997-ci ildə Böyük Britaniyada yaranıb. Hazırda bu aksiyaya dünyanın təxminən 35 ölkəsində 1500-dən çox şəhər qatılır. Məlumdur ki, avtomobillərdən atmosferə atılan maddələrin tərkibində 200-dən çox zəhərli komponent, o cümlədən bioloji aktiv maddələr var. Bu isə atmosfer çirklənmələrinə və insan orqanizminə mənfi təsirlərə gətirib çıxarır. Aksiya iştirakçıları bu rəmzi hərəkətlə ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəldir, ekoloji təmiz nəqliyyat növlərindən, ictimai nəqliyyatdan istifadəyə təşviq edirlər.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR