Neftin qiyməti 57 dollara yaxınlaşır - RUSİYA VAXT AÇIQLADI

Dünya bazarında xam neftin qiymətlərində bahalaşma qeydə alınıb. APA TV-nin məlumatına görə, həftənin son seanslarında "Brent" markalı neftin bir bareli 56,80 dollardan təklif olunur.


OPEK-in istehsalı azaltmaqla qiymətləri artırmaq siyasəti neft bazarına ciddi təsir etməyib. Son bir neçə həftə ərzində ABŞ-da ardıcıl qasırğalar nəticəsində ölkənin neft emalı zavodları ciddi zərər görüb, istehsal azalıb. Bu ABŞ neftinə marağı azaltmaqla iki marka arasında qiymət fərqini 6 dollar səviyyəsinə yüksəldib. OPEK və qeyri-kartel ölkələrinin istehsalın dondurulması ilə bağlı razılaşmanı yenidən uzatmaq planı Amerikada neft sənayesindəki son hadisələrlə birgə neftin qiymətlərinə müsbət təsir edir. Qərbi Texas nefti son seanslarda 50,64 dollardan təklif olunur.

 

Bununla belə ötən gün keçirilən OPEK toplantısında istehsalın azaldılması, yaxud da razılaşmanın vaxtının uzadılması məsələsində konkret qərar əldə olunmayıb.

 

OPEK toplantısı ilə bağlı Rusiyanın enerji naziri Aleksandr Novak istehsalçıların kvotanı dəyərləndirmək üçün ən azı yanvar ayına qədər gözləyə biləcəyini deyib. Küveytin neft naziri İssam Almarzuq isə hasilat-qiymət siyasətinin indiyə qədər yaxşı işlədiyini bildirib.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR