Prezident oyunu izlədi, millimiz darmadağına imza atdı

Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin rəsmi açılış mərasimindən sonra “A” qrupunda yer alan Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşıb. APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

 

Azərbaycanın və Macarıstanın dövlət himnlərinin səsləndirilməsindən sonra oyuna start verilib. 3:0 hesabı ilə qalib gələn voleybolçu qızlarımız Avropa çempionatına qələbə ilə başlayıblar.

 

Qeyd edək ki, sentyabrın 22-dən oktyabrın 1-dək davam edəcək, Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində 16 komanda dörd qrupda mübarizəyə qoşulub. “A” qrupunda Azərbaycan, Almaniya, Polşa və Macarıstan yığma komandaları yer alıblar. Çempionata ev sahibliyi edən digər ölkənin - Gürcüstanın yığma komandası İtaliya, Xorvatiya və Belarus milliləri ilə birlikdə “B” qrupunda mübarizə aparacaq. “C” qrupunda hazırkı Avropa çempionları - Rusiya voleybolçuları ilə yanaşı, Türkiyə, Bolqarıstan və Ukrayna yığmaları da qrupdan çıxmaq uğrunda yarışacaqlar. “D” qrupunda isə Serbiya, Niderland, Belçika və Çexiya yığma komandaları qərarlaşıblar. “A” və “C” qruplarının qarşılaşmaları Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. “B” qrupunun görüşləri Tbilisidə, “D” qrupunun matçları isə Göygöl Olimpiya İdman Kompleksində oynanılacaq. Qaydalara əsasən, qruplarda birinci yeri tutan komandalar 1/4 finala birbaşa vəsiqə qazanacaqlar. İkinci və üçüncü yerdə qərarlaşan komandalar isə pley-off mərhələsində mübarizə aparacaqlar. Çempionatın pley-off, 1/4, yarımfinal və final görüşləri Bakıda – Milli Gimnastika Arenasında keçiriləcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR