Paraşütdən tullanan paralimpiyaçı xanım: "Kosmonavt olmaq istəyirdim" - REPORTAJ
Görüşümüz Dənizkənarı Milli Parkda, “Şeytan çarxı”nın yaxınlığında oldu. Çarxın hündürlüyü 65 metrdir. Hündürlük qorxusu olanlar bu attraksiona minmirlər. Həmsöhbətlərimizin isə bu qorxusu yoxdur. Onlar bir neçə gün öncə dəfələrlə hündürdən, 3200 metr hündürlükdən paraşütlə tullanıblar.
Vüsalə Kərimovanın 29 yaşı var. O, Paralimpiyanın həm paraşütdən tullanma, həm də rəqs növü ilə məşğul olur: “Mənə təklif etdilər ki, “əlil arabasında idman rəqsləri ilə məşğul olmaq istəyərsənmi?” Mən başa düşmürdüm ki, əlil arabasında olan insan necə rəqs edə bilər? İlk dəfə Minsk şəhərində gördüm və çox xoşuma gəldi, Vətənə qayıtdıqdan sonra məşğul olmağa başladım”.
Həmsöhbətimiz deyir ki, bu idman növünü digərlərindən fərqləndirən idmanla rəqsin vəhdətidir. Tərəf-müqabilinin daha təcrübəli olması Vüsalə xanıma çox kömək edir. Yeri gəlmişkən, bu il sentyabrın 14-də Minskdə keçirilən əlil arabasında idman rəqsləri üzrə XX Açıq Belarus Çempionatı üçün yeni proqram hazırlanıb. 8 ölkədən 50 paralimpiyaçının iştirak etdiyi beynəlxalq yarışmada təmsilçilərimiz birincilik əldə ediblər. "Kombi-Latino Klass 2" və "Kombi Fristyle Klass 2" növlərində çıxış edən Vüsalə Kərimova və Fərid Mehdiyev qızıl medal qazanıblar.
Vüsalə xanım Minskdə təkcə rəqs yarışmasında iştirak etməyib. O, həm də növbəti dəfə əlillər üçün paraşütdən tullanma beynəlxalq turnirində iştirak edib: “Çoxdan arzum idi ki, paraşütdən tullanım. Lakin düşünürdüm ki, bu, mümkün deyil. Zədə aldıqdan sonra düşünürdüm ki, arzum yerinə yetməyəcək. İlk dəfə 4 il öncə Moskva səmasında 4000 metr yüksəklikdən paraşütlə tullandım. Ötən il və bu il Minskdə də paraşütdən tullandım və paraşütçü oldum. 3 dəfə atladıqdan sonra paraşütçü şəhadətnaməsi təqdim olunur. İlk dəfə atlayanda həyəcan var idi, lakin sonrakı atlayışlardan, sadəcə, zövq aldım. Ən əsası arzum həyata keçdi”.
Azərbaycan Milli Paralimpiya Komitəsini bu turnirdə Vüsalə Kərimovadan başqa Kəmalə Babayeva və Fərid Mehdiyev də təmsil edib: “Hələ də o ab-havadayam. Sevincliyəm. Həyəcan var idi. Amma dəf etdik. Tərəddüd var idi. Amma bu, mənim uşaqlıq arzum idi. Mən uşaq vaxtından kosmonavt olmaq istəyirdim. Düşündüm ki, bəlkə bir də şansım olmadı. Qorxmağa dəyməz. Sadəcə, tullanmaq lazımdır”.
28 yaşlı Kəmalə Babayeva hislərini sözlərlə ifadə etməkdə çətinlik çəkir. Deyir ki, bunu, sadəcə, hiss etmək lazımdır: “Yaş məhdudiyyəti yox idi. Hətta orada 95 yaşlı qadın da iştirak edirdi. Komplekslər yox idi. Sadəcə tullan, həyatı hiss et, səmanı hiss et, yaşamağı hiss et. Sanki ümidlərim qanad açıb uçurdu”.
Kəmalə xanım Bakı Slavyan Universitetinin filologiya fakültəsinə daxil olub. Vüsalə xanım isə Moskvada hüquq təhsili alır, sonuncu kursdadır.
Hər iki paralimpiyaçı APA TV vasitəsilə onlara dəstək olan insanlara təşəkkürlərini çatdırdılar.
Qeyd edək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraşütlə tullanma idman növünün dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması Azərbaycan Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə reallaşıb. Artıq ənənəvi olaraq hər il Minsk şəhərində paraşütlə tullanma idman növü üzrə beynəlxalq yarışlar təşkil olunur.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub