ABŞ-da Ərdoğanın çıxışı zamanı zalda dava düşdü - HADİSƏ ANI

Nyu-York polisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışına mane olan 5 nəfəri həbs edib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı Türk-Amerikan Milli Komitəsində çıxış edərkən bir neçə şəxs zala daxil olub.


Həmin şəxslərdən biri Ərdoğana "sən terrorçusan, mənim yaşadığım ölkədən rədd ol" deyərək onu təhqir edib.


Ərdoğanı dinləməyə gələn şəxslər etirazçılara zərbələr endirib, polis həmin şəxsləri salondan zorla uzaqlaşdırıb. Onlardan biri polis tərəfindən saxlanılıb.


Ərdoğana etiraz edənlərdən biri iddia edib ki, Türkiyə dövləti kürd vətəndaşların hüquqlarını kobud şəkildə pozur. Türkiyə Suriyada da kürdlərə qarşı addımlar atır. Etirazçılar içəri keçə bilmək üçün üzərində Ərdoğanın fotosu olan köynək geyiniblər.

 

Ərdoğan çıxışına davam edəndən bir neçə dəqiqə sonra salondan başqa bir etirazçının çıxarıldığı görünür.

 

Nyu-York polisi bir neçə saatdan sonra saxladığı şəxsləri sərbəst buraxıb.


Xatırladaq ki, bu, Türkiyə dövlət başçısının ABŞ-a səfəri çərçivəsində ilk insident deyil. Bu ilin mayında Ərdoğan Vaşinqtonda Türkiyə səfirliyinin binasını ziyarəti zamanı da kürdlər tərəfindən etiraz aksiyası təşkil edilmişdi. Nəticədə prezidentin mühafizəçiləri ilə etirazçılar arasında qarşıdurma yaşanmışdı.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR