Cəbhə xəttində Beynəlxalq Sülh günü - REPORTAJ
21 sentyabr - Beynəlxalq Sülh günüdür. BMT-nin təsis etdiyi ilk Beynəlxalq Sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub.
Əvvəllər Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabrı dəqiq tarix kimi müəyyənləşdirdi.
Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb.
Təəssüf ki, dünyanın ən sülhsevər və tolerant ölkələrindən biri olan Azərbaycanın vətəndaşları 27 il əvvəl başlayan Ermənistanın təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Cəbhə xəttində atəşkəsin pozulması halları hər gün qeydə alınır, dinc əhalinin yaşadığı yaşayış məntəqələri ağır artilleriyadan atəşə tutulur, bu zaman günahsız körpələr də həlak olur. Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin heç birinə əməl etmir.
Ağdamın Çəmənli kəndi də ermənilərin gülləbaran etdiyi yaşayış məntəqələrindəndir. Böyüklərin onsuz da öyrəncəli olduğu həyat tərzinə təəssüf ki, məktəb yaşlı uşaqlar da alışıb. Üzlərinə diqqətlə baxanda dodaqlarındakı təbəssümün arxasında bir qorxunun gizləndiyini görmək olur. Onlar dünyadan çox şey istəmir, sadəcə, silahların səsinin susmasını istəyir. İnsanların öz torpaqlarında qorxusuz yaşamasını istəyir. Bu məktəbli uşaqlar ermənilərin kəndi atəşə tutması nəticəsində ölüm də görüb, dağıntı da.
Xalqımız tarixən sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu ilə yaşayıb. Amma təəssüf ki, 27 ildir bu istəyə hər gün güllə atılır. İnanırıq ki, Azərbaycan Ordusu tezliklə buna son qoyacaq. "Yurdda sülh, cahanda sülh" arzusu ilə...
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub