“Leyli və Məcnun” ilk dəfə Moskvada tamaşaya qoyulacaq

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Şərqin ilk operası olsa da, hətta SSRİ zamanında belə Moskvada heç vaxt səhnəyə qoyulmayıb.

 

APA TV-nin məlumatına görə, bu ilkə yaxın zamanda imza atılacaq. Oktyabrın 16-da “Leyli və Məcnun” operası Moskvanın məşhur  “Krokus City Hall” konsert zalında musiqisevərlərə təqdim olunacaq.

 

Səhnə əsəri Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı  Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayiş olunacaq: “Bu əsər İstanbulda, Tacikistanda, başqa ölkələrdə göstərilib. Amma Moskvadakı bu hadisə xüsusilə əhəmiyyətlidir. Rusiyada 3 milyondan artıq soydaşımız yaşayır. Azərbaycan mədəniyyətini Rusiyada göstərmək, ümumiyyətlə, mədəniyyətlərarası münasibətlərin yaxın olması ölkələrin bir-birinə yaxın olmasına dəlalət edir”.

 

Operanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirib ki, məşq üçün yalnız tamaşa günü zaman ayrılıb. Buna görə də tamaşanın quruluşunda müəyyən dəyişikliklər ediləcək. Dekorasiyalar yeni olacaq. Tamaşanın dinamikası müəyyən qədər artırılacaq. Üstəlik, operaya müdaxilə olunmamaq şərti ilə rus dilində informasiya veriləcək.    

 

Orkestrin dirijoru, xalq artisti Yalçın Adıgözəlov planlarının gələcəyə hesablandığını dilə gətirib: “Bu əsərin Moskvada nümayişinə milli layihə kimi yanaşmaq lazımdır. Məqsədimiz, sadəcə, bu əsəri bir dəfə nümayiş etdirmək deyil. Əgər bu layihə uğurlu alınsa, bizim planlarımız uzunmüddətlidir”.

 

Tamaşada Leyli rolunu Arzu Əliyeva canlandıracaq. Xalq artisti Mənsum İbrahimov isə Məcnun rolunda 141-ci dəfə çıxış edəcək: “Hər dəfə elə bilirəm ki, Üzeyir bəyin ruhu qarşısında imtahan verirəm. Hər tamaşa mənim üçün imtahandır. Təbii ki, həyəcan həmişə olur. Bu, məsuliyyətdən irəli gəlir. Var gücümüzlə çalışmalıyıq ki, milli musiqimizi Üzeyir bəyin adına layiq şəkildə təmsil edək”.

 

Tamaşa ilə bağlı 4 aydır təbliğat aparılır. Biletlərin satışı qənaətbəxşdir. Rusiyadakı  Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının PR meneceri Aytac Həsənova bildirib ki, rus mətbuatının bu tamaşaya kifayət qədər marağı var. 

 

Mətbuat konfransında “Leyli və Məcnun” operasından kiçik parça da ifa olunub. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR