Azərbaycan prezidenti BMT-nin baş katibi ilə görüşüb

Sentyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

 

APA TV xəbər verir ki, prezident İlham Əliyev BMT-nin fəxri qonaqlar kitabını imzalayıb.

 

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan prezidenti İlham Əliyev ilə görüşməkdən məmnunluğunu bildirib. O, Azərbaycanla BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib, qarşılıqlı anlaşmanın mövcudluğunu vurğulayıb. BMT baş katibi Ermənistan-Azərbaycan münaqişəsindən narahatlığını ifadə edib, münaqişənin həlli ilə bağlı həmsədrlərin əllərindən gələni edəcəklərinə ümidvar olduğunu bildirib.

 

Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü deyib. Dövlət başçısı Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, yoxsulluğun aşağı səviyyədə olduğunu, savadlılığın 100 faizə yaxınlaşdığını vurğulayıb. Prezident İlham Əliyev Ermənistan tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlara mane olduğunu və münaqişənin həllinin uzadılmasına çalışdığını bildirib. Azərbaycan prezidenti qeyd edib ki, ölkəmiz bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ancaq bu istiqamətdə təşəbbüslər göstərilsə də, nəticə yoxdur.

 

Prezident İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası barədə də danışıb. Bildirib ki, bu kənddə bütün lazımi infrastruktur yaradılıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan qondarma xəritələr icad edir, Dağlıq Qarabağı oraya daxil edir və bir çox ölkələrdən erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir. BMT bütün bunları nəzərə almalı və həmsədrlərə mesaj göndərməlidir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR