Myanma rəsmisi BMT tribunasından bəyan etdi: "Dünya baş verənlərdən xəbərsizdir"

"Ölkəmizdə baş verən son hadisələr barədə dünya demək olar ki, dolğun məlumata malik deyil. Bizə qarşı qınaqlar, verilən sərt bəyanatlar da yayılan dezinformasiyalar səbəbindəndir".

APA TV-nin məlumatına görə, bu bəyanatla BMT Baş Assambleyasının 72-ci sessiyasında adı çəkilən ölkənin vitse-prezidenti Qenri Van Txio çıxış edib.

O, ölkəsində şiddətə son qoyulduğunu diqqətə çatdırıb:

"Bu barədə sizə məlumat verməkdən şadam. Avqustda başlayan qarşıdurmalara son qoyulub. Lakin müsəlman əhali Banqladeşə köç etməkdə davam edir, bizi indi ən çox narahat edən də budur".

Rakxayn ştatında say çoxluğuna malik buddist-arakanlılar isə əksinə, müsəlmanların onlara qarşı daha çox təhlükə yaratdığını iddia edir. Onlar "Rohincanın Azadlığı Arakan Ordusu"ndan çəkindiklərini deyir:

"Mən onlarla heç vaxt sülh şəraitində yaşayacağımıza inanmıram. Onlarda silah var, ordu onların qarşısını ala bilmir. Biz daim qorxu içində yaşayırıq".

Xatırladaq ki, Myanmanın Rakxayn ştatında milli-dini zəmində qarşıdurmalar avqustun 25-də başlayıb. Toqquşmalarda 500-ə qədər insanın həyatını itirdiyi bildirilir. Qonşu Banqladeşə isə Myanmadan 400 mindən çox müsəlman köç edib.
 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR