Əli Həsənov: "İslam ölkələri Ermənistanla əməkdaşlığı dayandırmalıdır"
Bu gün "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin təqdimatı keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən baş nazirin müavini Əli Həsənov deyib ki, son 200 ildə ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqları ilk dəfə Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə keçirilən əməliyyatla Horadiz və prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprel ayında keçirilən əməliyyatla Lələtəpə azad edilib.
Cocuq Mərcanlı kəndinin 1994-cü ildə cəmi 4 ay işğal altında qaldığını xatırladan Ə.Həsənov deyib ki, kəndə səfər edən xarici diplomatlar və media təmsilçiləri 4 ay ərzində ermənilərin hansı vandalizmi törətdiklərinin şahidi olublar. Eyni zamanda Cocuq Mərcanlı ilə Böyük Qayıdış başlayıb: "Azərbaycan prezidenti İlham Əliyev Cocuq Mərcanlıda ilk qəsəbənin açılışında iştirak edərkən bu kəndi 1994-cü ildən tərk etməmiş Oqtay Həziyevin ailəsi ilə görüşdü, dünyaya azərbaycanlıların torpaqlarına necə bağlı olduğu nümayiş etdirildi. Bu gün tək məcburi köçkünlər yox, digər insanlar da Cocuq Mərcanlıda məskunlaşmaq istəyir".
Ə.Həsənov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu İslam ölkələrinə Ermənistanla münasibətləri məhdudlaşdırmaq barədə qərar qəbul edib: "Hesab edirik ki, bu azdır. Kontakt qrupu bütün İslam ölkələrinin Ermənistanla əlaqələri dayandırması barədə qərar qəbul etməli idi. Çünki hələ də bəzi İslam ölkələri Ermənistanla əlaqə saxlayır, müxtəlif sahələrdə əməkdaşlıq edir. Biz, ümumiyyətlə, BMT-nin Ermənistana qarşı sanksiya tətbiq etməsini istəyirik".
Sonra "Böyük Qayıdışın başlanğıcı" filmi nümayiş etdirilib. Daha sonra "İlham Əliyev bizi "Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin ərsəyə gəlməsində böyük rolu olan millət vəkili, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub