Bakı Məktəb-Lisey Kompleksində etiraz aksiyası - DİREKTOR HARDADIR?

"Bir neçə gündür həm valideynlər, həm də şagirdlər işdən azad olunmuş direktor Qafar müəllimin yenidən işə bərpa olunmasını istəyirlər. Qarşı tərəf isə iddia edir ki, Qafar Hüseynov işdən çıxarılmayıb və bülletendədir, bülleten müddəti başa çatan kimi işinin başına dönəcək".

 

Bakı Məktəb-Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktoru Qafar Hüseynovun işdən çıxarıldığı xəbəri ötən gün yayılıb. İddiaya görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri sentyabrın 20-də məktəbdə olaraq əmri oxumaq istəsə də, narazı valideynlər buna imkan verməyib: "Qafar müəllimin çıxmasına bütün valideynlər etiraz eləyir. Çünki Qafar müəllim nəinki direktor, gözəl, aristokrat insandır. Ona görə də biz valideynlər bu gün onun işdən azad edilməsinə böyük etirazımızı bildiririk".

 

Şikayətçilər deyir ki, Qafar Hüseynovun işdən çıxarılmasına səbəb göstərilmir: "Heç bir əsas demirlər. Camaatı da aldadırlar ki, çıxarmamışıq, bülletendədir, gələcək. Polis dərs hissə müdirini çıxardıb camaatın qarşısına ki, çıx belə de. Bu nə deməkdir?"

 

Valideyn Səbinə Əliyeva da direktorun yenidən işinə bərpa olunmasını istədiklərini bildirir: "Heç bir əsas olmadan onun şər atılıb işdən çıxarılması absurddur. Həqiqətən də bu, bizim insanlığımıza yaraşmayan bir hərəkətdir. Bu cür bir alimi işindən azad etmək nə dərəcədə doğrudur? İndi gələn direktora biz necə ümid bağlayıb burada uşağı oxuda bilərik?"

 

Şikayətçilərin daha bir iddiası var. Onlar bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi polis əməkdaşlarının köməyi ilə məktəbin hər iki giriş qapısını bağlayıb, şagirdlərin tənəffüs vaxtında belə binanı tərk etməsinə icazə verilmir. Məktəbin yeməkxanaya açılan qapısından keçib içəri daxil oluruq, amma...

 

Dərs otaqlarında da çəkiliş apardıq. Valideynlər davamiyyətin aşağı olması səbəbindən bəzi aşağı sinif şagirdlərinin birləşdirildiyini bildirdilər: "Bu bizim otaqdır. Bizim uşaqlar iki gündür dərsə gəlmir. Təhsil İdarəsinə, nazirliyə, "qaynar xətt"ə xəbər vermişəm. Bir insan bizimlə maraqlanmır ki, 40 uşaq niyə dərsdə yoxdur. Niyə maraqlanmırlar? Nəyə əsasən?"

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbə idarəedici kimi təyin olunan aparıcı məsləhətçisi Əfqan İsgəndərov məktəbdəki vəziyyəti yerində araşdırmaq üçün Təhsil İdarəsindən ezam olunduğunu deyir: "Məktəbin direktoru Qafar Hüseynov xəstəliyi ilə əlaqədar işə çıxmır, bülletendədir. Nə vaxt Qafar müəllimin xəstəlik vərəqəsi bitər, işinə qayıdacaq".

 

İdarə rəsmisi deyir ki, məktəbdə dərs prosesinin pozulmasından da söhbət gedə bilməz: "Məktəbdə bu saat bütün siniflərdə normal dərs gedir, uşaqlar, müəllimlər yerindədir. Heç bir problem yoxdur".

 

Biz hər iki tərəfi dinlədik. Hadisələrin bundan sonra necə cərəyan edəcəyi isə direktor Qafar Hüseynovun işinin başına dönməsindən sonra məlum olacaq.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR