Depressiya, yoxsa payız pessimizmi? - REPORTAJ
Yay fəslini geridə qoyduq. Qarşıda bizi payızın yağışlı, küləkli, sərin ayları gözləyir. Fəsil dəyişikliyinə bir çoxları asanlıqla uyğunlaşır. Amma bu, bəzilərinə fizioloji, bəzilərinə isə psixoloji baxımdan mənfi təsir göstərir.
Tibb üzrə fəlsəfə doktoru Səid Allahverdiyev deyir ki, istidən soyuğa yaxud da soyuqdan istiyə keçərkən temperatur fərqi yarandığı üçü orqanizm buna gec öyrəşir, nəticədə immun sistemi zəifləyir. Bu isə bir çox xəstəliklərə gətirib çıxarır: "Bunlardan ən çox rast gəlinən kəskin respirator virus infeksiyalarıdır. Boğaza gəldikdə, xroniki tanzilitlərin kəskinləşməsi, immun sisteminin düşməsi ilə bağlı tez-tez rast gəlinən ağız boşluğu stomatitlərdir. Bir sıra xəstəlikləri sadalamaq olar ki, bu da sırf immun sisteminin zəifləməsi ilə bağlıdır. Payız aylarında digər aylara nisbətən daha çox rast gəlinir".
Həkimin sözlərinə görə, hava rütubətli keçdikdə, xroniki tanzilitin kəskinləşməsi ürək, oynaq və böyrək problemlərini ortaya çıxarır: "Boğaz qlandalarında xroniki infeksiyası olan xəstələrdə xroniki tanzilit kəskinləşməyə başlayır. Tez-tez anginalar, boğazda irinləmələr olur, temperatur yüksəlir. Burun əti böyük olan uşaqlarda soyuq vaxtlarda burun ətinin ölçüləri bir qədər də böyüyür, tənəffüs problemi daha da kəskinləşir. Bununla bağlı adenoid olan uşaqlarda soyuqlamanın kəskinləşmə dövründə burun tənəffüsü tutulur, ürək sıxılmaları olur. Bu tip uşaqlarda mütləq həkim məsləhətinə ehtiyac olur. Böyük insanlara gəldikdə, hər hansı bir xroniki artritlər varsa, qulaqda iltihabi proses varsa, soyuqların gəlişi ilə bu proses artır. Həmçinin allergik rinit deyilən bir xəstəlik var, payız aylarında bu daha da artır".
Səid Allahverdiyev deyir ki, somatik problemləri olan, şəkərli diabet, ürək-qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən xəstələr fəsil dəyişikliyində özlərini gözləməlidir. Vaxtaşırı müayinə və müalicələrini davam etdirmək məsləhət görülür.
Bundan başqa, hava dəyişkənliyi olduğu zaman bəziləri baş ağrılarından əziyyət çəkir ki, çox zaman buna səbəb qaymorit olur: "Qaymorit kəskin və xroniki olur. Kəskin qaymoritdə bir həftə ərzində başağrıları, burundan irinli maye axıntısı, göz ətrafında ağrılar olur. Bu qaymorit çox müəyyən preparatlar vasitəsilə bitki və qeyri-bitki tərkibli preparatlar vasitəsilə normal müalicə olunur və tamamilə keçib gedir. Vaxtında müalicə etmədikdə, bəzən də özünü soyuqdan çox qorumadıqda, qaymorit xroniki formaya keçir. Xroniki qaymoriti müalicə etmək adi preparatlar vasitəsilə konservativ olaraq çətindir və bəzi hallarda cərrahi müdaxiləyə ehtiyac olur".
Həkim əhaliyə daha çox düzgün qidalanmanı tövsiyə edir. Əsasən də bol maye və vitaminli qidalardan istifadə etməyi, fəsilə uyğun geyinməyi məsləhət görür: "Bir az əsəbilik olur düşünürsən ki, bir fəsil də keçdi. Birdən-birə istidən soyuğa keçmək cüzi də olsa, mənfi təsir göstərir".
Araşdırmalar sübut edir ki, payız-qış aylarında günəş şüalarının hərarətinin azalması da insan psixologiyasına mənfi təsir göstərən amillər sırasındadır. Psixoloq Təhminə Çələbinin sözlərinə görə, bu, daha çox özünü melanxolik insanlarda göstərir və yay aylarının sonlarına yaxın insan özünü psixoloji olaraq payıza hazırlamalıdır: "İnsanlarda dezadaptasiya baş verir. Yeniliyə uyğunlaşma insanda zəif gedirsə, bu zaman təbii ki, insanda müəyyən stresslər yaranır. Nə üçün yaydan payıza doğru daha çox olur? Çünki insanlar isti havada daha çox emosional, daha pozitiv və daha əyləncə dolu, bir də tətil vaxtına düşdüyü üçün daha azad olurlar. Birdən-birə artıq məktəblərin, təhsilin başlaması, iş rejiminin güclənməsi və təbii ki, havaların get-gedə soyuması insanın emosiyalarına da təsir edir. Bu zaman təbii ki, insanlar bir az melanxolik, bir az daha sakit olurlar və əgər insanda bir az psixoloji narahatlıq varsa, bu onlara daha çox təsir göstərir".
Təhminə Çələbinin sözlərinə görə, bir çoxları hər şeyi hava ilə əlaqələndirərək, payız depressiyası yaşadığını düşünür: "İş gücünün aşağı düşməsi, həvəssizlik ola bilər, buna biz depressiya demirik. Depressiya ciddi bir diaqnozdur, amma insanlar öz arasında buna payız depressiyası deyir, hər bir şeyi hava ilə əlaqələndirirlər. Yuxululuq var, yuxudan doymamaq var. Daha çox neqativ düşünürlər. Öz fikirləri üzərində işləməsələr, bu getdikcə dərinləşə, stress artıq gətirib depressiyaya çıxara bilər".
Hər bir fəslin özünə uyğun gözəlliyinin olduğunu deyən psixoloqun sözlərinə görə, payız özü ilə orqanizmin də ehtiyacı olan sakitlik gətirəcək. Odur ki, çalışın hər bir fəsildən zövq alın!
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub