OPEK qlobal neft paktının müddətini artırır, “qara qızıl” bahalaşır

Qlobal neft paktının müddətinin artırılmasına dair müzakirələrin başlaması neftin qiymətini bahalaşdırıb. APA TV-nin məlumatına görə, İraqın neft naziri Cabbar əl-Laibi artıq ilkin müzakirələrin başa çatdığını deyib. Söhbət hasilatın azaldılmasına dair mövcud sazişin müddətinin uzadılmasından və hasilatın daha geniş həcmdə azaldılmasından gedir. Hələlik bununla bağlı razılaşma əldə olunmasa da, müzakirələrin getməsi xəbəri neftin qiymətini dəstəkləyib.

 

Nazirin açıqlamasından sonra birjalarda “Brent” markalı neftin qiyməti 56 dolları keçib. Səhər seanslarında qiymətlərin daha da bahalaşacağı gözlənilir. Hazırda bu markadan olan neft 56,17 dollara satılır, Qərbi Texas nefti isə 50,63 dollardan təklif olunur. İki marka arasında qiymət fərqi yenə də 5 dollardan çoxdur, bu, ABŞ-ın qiymətlərə təsir imkanlarını hələ bərpa edə bilmədiyini göstərir.

 

ABŞ Energetika Nazirliyi ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair növbəti rəsmi hesabatı açıqlayıb. Hesabata əsasən, həftə ərzində ölkədə neft ehtiyatlarının həcmi 4,59 milyon barel artıb. Bu, “Harvi” və “İrma” qasırğalarından sonra ölkənin neft emalı zavodlarının tam gücü ilə işləməməsi ilə izah olunur. Ölkədə benzin ehtiyatlarının həcmi isə 2,13 milyon barel azalıb. Hazırda ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi 472,83 milyon barel təşkil edir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR