Qəbələ və Oğuzda modul tipli yeni məktəblər istifadəyə verilib

Sentyabrın 20-də Qəbələ və Oğuz rayonlarında yeni inşa edilən məktəblərə baxış keçirmək məqsədilə media-tur təşkil edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, media nümayəndələri və təhsil ekspertləri əvvəlcə Qəbələnin Seyidqışlaq kənd ümumi orta məktəbində olublar.

 

Onlara məlumat verilib ki, 80 şagird yerlik məktəb 10 sinif otağı, 1 müəllimlər otağı, kitabxana və digər yardımçı otaqlardan ibarətdir. Rayonda daha bir modul tipli məktəb Cığatelli kəndində istifadəyə verilib. 56 şagird yerlik ümumi orta məktəb 7 sinif otağı, 1 müəllimlər otağından ibarətdir.

 

Sonra media nümayəndələri Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasiminə də qatılıblar. Orada bildirilib ki, 1978-ci ildə tikilən və bu il əsaslı təmir olunan 364 şagird yerlik bu məktəbdə 24 sinif otağı, 2 laboratoriya və müəllimlər otağı istifadəyə verilib. Sonra KİV nümayəndələri Oğuz rayonunun Qarabaldır kəndində 80, Xalxalqışlaq kəndində 20 və Yemişənli kəndində 80 şagird yerlik modul tipli məktəblərə baxış keçiriblər.

 

Qeyd edək ki, bu ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR