SOCAR-da Neftçilər günü qeyd olunub

Ötən il ölkə üzrə hasil olunan 41 mln. ton neftin 7,5 mln. tonu, 29,4 mlrd. kubmetr qazın isə 6,3 mlrd. kubmetri, habelə bu ilin 8 ayında çıxarılmış 25,6 mln. ton neftin 5 mln. tonu, 18,7 mlrd. kubmetr qazın isə 4 mlrd. kubmetri SOCAR tərəfindən hasil edilib.

 

APA TV-nin xəbərinə görə, bunu Neftçilər günü münasibətilə keçirilən tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, yeni quyuların qazılması neft-qaz hasilatını yüksəltmək üçün ən etibarlı üsul olaraq qalır. Bu ilin 8 ayında SOCAR üzrə 93646 metr qazma işi görülüb və 52 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. “Ümid”, “Günəşli”, “Çilov”, “Neft Daşları”, “Darvin bankası”, “Bulla-dəniz”, “Qərbi Abşeron”, quruda yerləşən “Qaradağ”, “Pirallahı”, “Sədan” yataqlarında qazma işləri uğurla davam etdirilir.

 

SOCAR prezidenti qeyd edib ki, bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir: "Proqnoza əsasən ilk quyu 2019-cu ildə sutkalıq 4 milyon kubmetr qaz hasilatı istismara veriləcək. Həmin il "Abşeron" yatağından ilk 1,5 kubmetr, 2022-2023-cü illərdə isə ikinci faza üzrə 5 milyard kubmetr təbii qazın hasil edilməsi gözlənilir. "Ümid" yatağının ehtiyatları 200 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Yataqda artıq üç istismar quyusu qazılaraq işlənilməyə verilib. Geniş miqyaslı istismarı həyata keçirmək üçün 10 quyuluq yeni özülün qurulması planlaşdırılır".

 

"Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycan, region ölkələri, eləcə də Aİ üçün böyük əhəmiyyət kəsb etdiyini deyən R.Abdullayev qeyd edib ki, Azərbaycan və Gürcüstan əraziləri boyunca Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 90%-i artıq yerinə yetirilib, hazırda bu kəmərlə "Şahdəniz" qazı Gürcüstan və Türkiyəyə nəql olunur. O, bildirib ki, Gürcüstan ərazisində tikinti işləri artıq tamamlanıb. Layihə başa çatdıqdan sonra kəmərin ümumi ötürücülük gücü ildə 23 mlrd. kubmetrə çatdırılacaq.

 

SOCAR prezidenti vurğulayıb ki, artıq TANAP  layihəsi üzrə inşaat işlərinin 82%-i yerinə yetirilib. STAR neft emalı zavodundan söz açan Rövnəq Abdullayev deyib ki, bu zavod fəaliyyətə başladıqdan sonra ölkəyə ilk 5 ildə 600 mln. dollardan çox gəlir gətirəcək. Növbəti illərdə isə bu rəqəm 800 milyon dolları ötəcək.

 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Harri Cons çıxışında Azərbaycan neftçilərini peşə bayramı münasibətilə təbrik edib və SOCAR-BP əməkdaşlığı ilə qürur duyduqlarını bildirib.


SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə isə Azərbaycanda neft hasilatının tarixindən geniş söz açıb. O, "Azəri-Çıraq-Günəşli"ni Allahdan Azərbaycana verilən nemət adlandırıb. Qeyd edib ki, Azərbaycan stabil ölkədir. Bu stabilliyə görə bu şirkətlər 2050-ci ildə sonra da bu müqaviləni artıra bildi: "Əgər bu günə qədər 436 milyon ton neft hasil eləmişiksə, 2050-ci ilə qədər 500 milyon ton da neft hasil olunacaq. Bunlar bizə 3,6 milyard dollar bonus verəcəklər. Dövlət Neft Şirkətinin payı 11-dən 25-ə təxminən artıb. Bu müddət ərzində 40 milyard dollardan artıq sərmayə qoyacaqlar. Bunlar da bizə gələcəkdə daha çox gəlir əldə etməkdə kömək edəcək".

 

Tədbirin sonunda peşəsində fərqlənən neftçilər mükafatlandırılıb. 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR