Qubanın Qırmızı qəsəbəsində Roş-xa-Şana bayramı - REPORTAJ
Quba rayonunun Qırmızı qəsəbəsində yaşayan dağ yəhudiləri Roş-xa-Şana bayramını qeyd edirlər.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu bayram yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılır.
Bütün dünya yəhudiləri kimi, Qırmızı qəsəbə sakinləri də yəhudi təqviminə görə 5778-ci ili qarşılayırlar. Roş-xa-Şana bayramının vaxtı təqvimə görə dəyişsə də, hər il əsasən sentyabr ayına təsadüf edir.
Məktəb direktoru Yavuşva Simanduyevin sözlərinə görə, bayramla bağlı hər ailədə bayram süfrəsi açılır: "Əsas simvol ailə başçısı qadının iki ədəd şamı yandırması, eyni zamanda süfrə arxasında oturan insanların bayram duaları oxumasıdır. Süfrədə simvolik olaraq kasada bal, qırhacı alma, şirinlik olur. Biz o almanı bala batırıb yeyirik ki, qarşıdakı ili şirinliklə başa vuraq".
Roş-xa-Şana bayramı dünyanın müxtəlif məkanlarında yaşayan bütün yəhudilər tərəfindən təntənəli şəkildə keçirilir. Yeni ilin ilk 10 günündə yəhudilər sinaqoqa gələrək müxtəlif dini ayinləri yerinə yetirir, tövbə edir, müqəddəs “Tövrat” oxuyurlar.
Qırmızı qəsəbə sakini İsaq Nisanov isə deyir ki, süfrədə mütləq nar olmalıdır: "Biz yaşlı adamlar bu bayram gəlməmiş nar yemirik. Narı bayram günü yeyib, xeyir-dua veririk. Sonra özümüz üçün, dünya üçün dua edirik. Biz görən çətinlikləri onlar görməsin".
Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə Qudyalçayın sol sahilində yerləşir. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanı Fətəli xanın hakimiyyəti dövründə ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub