Lavrov Nyu-yorkda ABŞ-a meydan oxudu: "Suriyada çağırılmamış qonaqsınız"

"Donald Trampın BMT-nin Baş Assambleyasındakı çıxışı çox əlamətdar idi". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Sergey Lavrov bildirib.

 

S.Lavrov ABŞ-ın Suriyadakı mövcudluğu məsələsinə ölkəsinin münasibətini bir daha açıqlayıb: "Biz görüşdə ABŞ-ın Suriyada mövcudluğu ilə bağlı mövqeyimizi bir daha təkrar etdik. Hesab edirik ki, ABŞ bu ölkədə çağırılmamış qonaqdır. Biz görürük ki, bu reallıqdır və bundan Suriya ordusunun İŞİD və "Ən-Nüsra Cəbhəsi"nə qarşı mübarizəsində hökumət tərəfindən dəvət olunan Rusiya aviasiyasının addımları ilə paralel bir şəkildə istifadə etmək olar".

 

Rusiyalı nazir bildirib ki, hazırda Rusiya və ABŞ hərbçiləri Rəqqa və Deyr-əz-Zorun azad edilməsi planını müzakirə edir.

 

Tərəflər həmçinin Minsk razılaşmalarının icrası barədə də danışıblar. S.Lavrov 2014-cü ildə Ukrayna hadisələri başlayarkən əvvəlki ABŞ administrasiyasının Ukraynanın suverenliyinə dəstək ifadə etmədiyini çatdırıb.

Növbəti məsələ isə Koreya yarımadasındakı vəziyyət olub. R.Tillerson bu məsələdə Rusiya ilə dialoqun vacibliyini qeyd edib. O bildirib ki, rəsmi Pxenyanın müəyyən etdiyi kurs ölkənin daha da təcrid olunmasına gətirib çıxarır: "Yekun nəticədə bizə Rusiya və region ölkələrinin köməyi lazımdır. Biz Rusiya və Çinlə mütəmadi olaraq dialoq şəraitindəyik. Çünki ancaq bu ölkələr məsələdə əsas rol oynaya və Pxenyanın diqqətinə nüvə proqramının dayandırılmalı və dialoqa başlamalı olduğunu çatdıra bilər".

 

Rusiyanın baş diplomatı isə bu məsələdə maraqlı tərəflərlə dialoqun vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, BMT Baş Assambleyasında çıxışı zamanı prezident D.Tramp yarana biləcək potensial təhlükə zamanı ABŞ və müttəfiqlərinin Şimali Koreya və İranı tamamilə məhv edəcəyini bəyan edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR