Saakaşvili: "Ukraynada üsyan başlayacaq" - VAXTI AÇIQLADI

Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukraynada oktyabrın 17-də üsyan başlayacağını iddia edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, gürcü siyasətçi bu gün səhər saatlarında sürpriz şəkildə Kiyevin mərkəzində - Prezident Administrasiyasının yaxınlığında görünüb.

Xatırladaq ki, Ukrayna dövlət başçısı hazırda Nyu-Yorkdadır. Saakaşvili Kiyevdə sərbəst dolaşıb və hətta tibb işçilərinin etiraz aksiyasına da qatılıb.

Keçmiş qubernator sentyabrın 21-də regionlara səfərə çıxacağını deyib. O, xalqla görüşlərində Poroşenkonun impiçmentini tələb edəcək. "Poroşenko adamları vasitəsi ilə məni ölkədə heç kəsin dəstəkləmədiyi barədə şayiələr yaydırır. Yaxşı, o özü buna inanırmı? Boş söhbətlərdir" - deyə, Saakaşvili əlavə edib.

Gürcü siyasətçi bölgələrdə görüşlərini başa vurduqdan sonra yenidən Kiyevə dönəcəyini və xalqla bərabər oktyabrın 17-də Maydana çıxacağını vurğulayıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR