Salyanda "Mercedes" "Jiquli" ilə toqquşdu - 4 ÖLÜ, 3 YARALI

Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə yeni inşa olunan magıstral yolun istismara verilməyən hissəsində baş verib. Qəzada dünyasını dəyişən qadınlar da həmin yolun tikintisi ilə məşğul olan şirkətin əməkdaşları olub.

Hadisə zamanı xəsarət alan üç nəfər - “Mercedes” markalı avtomobilin sərnişini Cəlilabad sakini, 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu, “VAZ 2106” markalı avtomobilin sərnişini Saatlı sakini, 27 yaşlı Hüseynov Babək Xanəhməd oğlu və hələlik şəxsiyyəti müəyyən edilməyən daha bir sərnişin Salyan xəstəxanasına yerləşdirilib.

Dünyasını dəyişən şəxslərin deformasiyaya uğramış avtomobildən çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfəri “VAZ 2106” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Yol qəzası ilə bağlı cinayət işi başlanılıb. İstintaqçılar hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR