Ölən ananın qohumları prokurorluğa üz tutdu

İmişli sakini olan qadının Sabirabaddakı Perinatal Mərkəzdə doğuşdan sonra ölümü faktı prokurorluq tərəfindən araşdırılır.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Qaraqaşlı kənd sakini, 1985-ci il təvəllüdlü Əzizova Nuranə Usubəli qızı sentyabrın 10-da Sabirabad Perinatal Mərkəzində səhər saatlarında oğlan uşağı dünyaya gətirib. Qadın elə həmin gün gecə saatlarında qəflətən dünyasını dəyişib.

Mərhumun əmisi Əfqan Yusifov bildirib ki, qardaşı qızı doğuşdan sonra palataya köçürülüb və vəziyyətinin normal olması barədə valideynlərinə məlumat verilib. Həmin gün valideynləri onu evə aparmaq istəsə də, həkimlər qadının bir gün nəzarətdə qalacağını bildirib. Lakin  axşam saatlarında xəstəxananın növbətçi həkimi qadının halının pisləşdiyi barədə məlumat verib, bir qədər sonra isə N.Əizizovanın vəfat etdiyi məlum olub.

Mərhum qadının dünyaya gətirdiyi körpənin vəziyyətinin normal olduğu bildirilir və o artıq ailəsinə təhvil verilib. Ananın ölümü ilə əlaqədar yaxınları tərəfindən Baş Prokurorluğa müraciət olunub. Hazırda Sabirabad rayon prokurorluğunda şikayət ərizəsi ilə əlaqədar araşdırma aparılır. Məlumata görə, şikayət əsasında qadının meyiti ekspert tərəfindən müayinə olunub və müayinənin nəticəsi, ölüm səbəbləri yaxın günlərdə məlum olacaq.

Ananın ölümü ilə əlaqədar Səhiyyə Nazirliyinə də müraciət edilib. Sabirabad Perinatal Mərkəzindən bildirilib ki, ölümün səbəbi məlum deyil, hazırda bununla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR