Bakıda avtobus sürücüləri təlimlərə cəlb olunub

"Bakı Nəqliyyat Agentliyi sürücülərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir".

 

Bunu APA TV-yə açıqlamasında agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib: "Bakı Nəqliyyat Agentliyi sürücülərin peşəkarlığının artırılması, onların sərnişinlərlə münasibətdə daha təmkinli, daha səbirli, daha peşəkar davranmasını təmin etmək məqsədilə Sürücü Təlim Mərkəzi yaradıb və bu Sürücü Təlim Mərkəzində də qeyd etdiyimiz məsələlərlə bağlı sürücülər xüsusi təlimdən keçirlər".

 

Mais Ağayev bildirib ki, bu günə qədər sözügedən mərkəzdə 3 minə yaxın sürücü təlimlərə cəlb olunub. Bu təlimlərdə sürücülərə təkcə peşəkarlıq səviyyəsinin artırılması deyil, eyni zamanda etik davranış qaydaları ilə bağlı bilgilər də verilir.

 

Agentlik rəsmisi bildirib ki, yekun qiymətləndirmə zamanı 70 bal toplayan sürücülər sertifikat alacaq: "İş təcrübəsinin müddətindən, avtobus idarəetmə hüququnun olmasından asılı olmayaraq, qiymətləndirməni uğurla başa vurmayan, qiymətləndirməni uğurla keçə bilməyən, sertifikat ala bilməyən şəxslərin ictimai nəqliyyatda fəaliyyətinə artıq xitam veriləcək".

 

Mais Ağayev deyib ki, ictimai nəqliyyat sürücülərinə qarşı kobud rəftar edənlər barəsində hüquq-mühafizə orqanlarına məlumat verilir və bu məsələ ictimailəşdirilir: "Burada iki məqsəd var. Birincisi, sürücüyə qarşı kobud rəftar edən şəxsin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması, onun əməlinə hüquqi qiymətin verilməsi. İkinci bir məqsədimiz bu cür xoşagəlməz halları cəmiyyətimizə təqdim etmək, ictimai qınağa nail olmaqdır. Bu şəxslər bir var ki, müəyyən cərimə ilə canını qurtara bilir. Lakin siz təsəvvür edin ki onun yaxınları onu qınayır".

 

Mais Ağayev avtobus sürücülərini və sərnişinləri qarşılıqlı olaraq etik davranış qaydalarına riayət etməyə çağırıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR