Futbolçunun cinayət ortaqları: "Kabelləri dəniz kənarında yandırdıq"

"Sumqayıt" futbol klubunun yarımmüdafiəçisi Nicat Muxtarovun iştirakı ilə törədilən oğurluq hadisəsinin təfərrüatları məlum olub.

 

APA TV-nin xəbərinə görə, Sumqayıt Telekommunikasiya Qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.

 

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulub. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.

 

Nurlan Paşayev: "Mən Ümidlə kəsib doğramışam, Nicat da yerdə yığıb. Aqşinə zəng olunub. Aqşin də maşınla gəlib, yığmışıq. Aparıb düşürmüşük dənizin qırağına. Dənizin qırağında da yandırmışıq, aparıb əlvan metal kimi satmışıq. Birində 29 kq-lıq, birində 31 kq-lıq. Kiloqramı 7 manat 50 qəpikdən satmışıq. İki dəfə, ayrı-ayrı vaxtlarda".

 

Ümidvar Adıgözəlov: "Bunları da edən mən, Nicat, Oqtay, Nurlan. Nurlanla mən kəsdik, Oqtayla Nicat yerdə yığırdılar. Sonra apardıq dəniz qırağına. Orada yandırdıq. Aqşini çağırdıq. Maşına vurduq apardıq, satdıq mal alan Zaura. 7 manat 50 qəpikdən verdik. Birinci dəfə 31 kq verdik. İkinci dəfə 29 kq".

 

Aqşin Mehdiyev: "Tezdən Nurlan mənə zəng vurdu. Dedi ki, gəl filan yerə, Sumqayıta getmək lazımdır. Gəldim. Nə isə, "meşok"ilə gətirdi, baqajı açıb atdı maşına. Dedi, sür filan yerə. Sürdük filan yerə. Dayandırdı, dayandım. Dedi, baqajı aç. Baqajı açdıq, "meşoku" götürdü, aparıb verdi. Gətirdi mənə 8 manat pul verdi. Sonra ikinci dəfə gecə vaxtı zəng vurdu mənə Nurlan. Gələndən sonra gördüm ki, "şnurlar" var".

 

Oğurlanan kabellər yandırılıb və mis halında İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri Sumqayıt şəhərində yerləşən əlvan metal qəbulu məntəqələrinə satıblar. Onlar da istintaqa cəlb olunub.

 

Zaur Eyyubov: "Ayın 9-da almışıq təxminən 27 kq. 7 manat 50 qəpikdən. Ayın 15-i də işçimə veriblər 31 kq 8 manatdan. Oğurluq olduğunu bildik. Sadəcə, bizə xəbərdarlıq etdilər ki, oğurluq mal almayın. Bir səhvdir olub, qəbul etmişik".

 

Zaur İlyasov: "Oğurluq mal almışam. Mənə dəfələrlə tapşırıblar ki, oğurluq mal götürməyim. Oğurluq mal götürmüşəm. 7 manat 50 qəpikdən 30 kq mal götürmüşəm".

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR