Bakıda maneəli ekstremal yarış keçiriləcək - İLK DƏFƏ

Sentyabrın 23-də Bakıda ilk dəfə maneəli ekstremal yarış keçiriləcək.

 

APA TV-nin xəbərinə görə, "Mübarizlər" adı altında keçirilən yarış Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzində baş tutacaq.

 

Bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən layihənin direktoru Elvin İsmayılov bildirib ki, bu, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bir layihədir: "2013-cü ildə Rusiyada keçirilən "Qonka Geroev" adlı layihə ilə həmrəy bir yarışdır. Adı Mübarizlər. Bizim Milli Qəhrəmanımız Mübariz İbrahimov adını daşıyan bir layihədir. Komanda yarışları olacaq və individual tapşırıqlar olacaq. İndividual tapşırıqlar bizdə 11 km-dir. Daha fiziki hazırlıqlı insanlar orda iştirak edəcək. Məbləğ 30 mindir. Bu vəsait ilk 10-luğun arasında bölünəcək. Digər komanda yarışlarında simvolik olaraq dəyərli hədiyyələr olacaq".

 

Layihə direktoru yarışda istənilən hər bir  kəsin  iştirak edə biləcəyini deyib. Bunun üçün  sadəcə mubarizlər.az saytına daxil olmaqla qeydiyyatdan keçib, yarışda iştirak edə bilərlər: "Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları da bu yarışda iştirak edəcək ki, düşünürəm ki, bu da gələcəkdə onların təlimində, hər hansı bir sıravi şəxsin fiziki imkanlarının artırılmasında böyük töhfə verəcək".

 

Elvin İsmayılov deyib ki, yarışdan dərhal sonra musiqili proqram olacaq. Bu da insanların əyləncəsi üçün əlverişli şərait yaradacaq. Yarışın keçirilməsi üçün təhlükəsizlik məsələləri də tam təmin olunub: "Bizə əsas olan orada olan iştirakçıların təhlükəsizliyidir. Təhlükəsizlik baxımından bizim Səhiyyə Nazirliyi də sağ olsun, bizə dəstək göstərib.  FHN-nin  xilas ediciləri tərəfindən  keçirilməz yollar üçün xüsusi təcili tibbi yardım maşınları  olacaqdır ki, lazım olan zaman xəsarət alanları ı dərhal ərazidən təxliyə edib, lazım olan yerə çatdırsınlar". 

 

Elvin İsmayılov qeyd edib ki, ayrılan xüsusi avtobuslar şəhərin "28 May" və "Gənclik" metro stansiyaları qarşısından istənilən şəxsi yarış keçirilən əraziyə pulsuz çatdıracaq.

 

Yarış iştirakçıları gördüyünüz bu ərazilərdəki maneələrdən keçərək hədəfə çatmağa cəhd edəcəklər.

 

Qeyd edək ki, yarışlar fərdi və komanda şəklində həyata keçiriləcək. Komanda iştirakı üçün uzunluğu 5 km, fərdi iştirak üçün isə 11 km-lik fərqli çətinlikləri olan 42-yə yaxın  maneəli trası fəth etmək lazım olacaq. Çətin marşrutu seçənlər 30 000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparacaq.

 

Layihə "Gilan Holding"in, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilir. Yarışın informasiya dəstəyi isə "APA Holding"ə məxsusdur. 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR