Bakıda uşaqlar arasında ajiotaja səbəb olan xəstəlik nədir? - ARAŞDIRMA
Ötən gecə xəstəxananın 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının reanimasiya şöbəsinə kəskin mədə-bağırsaq infeksiyası diaqnozu ilə 5 azyaşlı uşaq daxil olub. Hazırda onlardan dördünün vəziyyəti qənaətbəxşdir.
Həkim-reanimatoloq Günay İbrahimova xəstələrin durumu barədə məlumat verib: "Gördüyünüz körpə 2 yaşlıdır. Son dərəcə ağır vəziyyətdə reanimasiya şöbəsinə daxil olub. Çox halsız vəziyyətdə idi. Gemodinamikası pozulmuşdu, ətrafa reaksiyası çox zəif idi. Monoton ağlayırdı və qıcolma ərəfəsində idi. Hazırda vəziyyəti stabilləşib. Artıq dünən gecəyə nisbətən özünü yaxşı hiss edir. Kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Hazırda gecə götürdüyümüz analizlərin cavabını almışıq, stafilalok çıxıb. Vəziyyətdən çıxdıqdan sonra şöbəyə köçürüləcək və orda müalicəsini davam etdirəcəyik. Ötən gecə bu cür ağır 5 uşaq daxil olub".
5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Rayifə Naci APA TV-yə müsahibəsində qeyd edib ki, hazırda uşaqlar arasında yayılmış kəskin mədə-bağırsaq infeksiyası kütləvilik daşımır. Bununla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, kəskin bağırsaq infeksiyaları sporadik, epidemik, hətta pandemik xarakter daşıya bilər. Bakterial etiologiyalı infeksiyalar yay-payız mövsümündə, virus mənşəli diareyalar isə payız-qış aylarında daha geniş yayılır.
Baş həkim qeyd edib ki, kəskin bağırsaq infeksiyaları klinik olaraq intoksikasiya simptomları - əzginlik, anoreksiya, hipertermiya, ishal, ağır hallarda infeksion toksikoz sindromu və ya infeksion-toksik şokla müşahidə olunur: "Son zamanlar uşaqlar arasında kəskin mədə-bağırsaq virusunun yayılması ilə bağlı deyilənlər ajiotajdır. Əvvəllər uşaqlar arasında yaşanan dizenteriya, salmaniloz xəstəlikləri çox yayılmışdı. İndi bu xəstəliklər çox az hallarda qeydə alınır. Son vaxtlar xəstəxanamıza qastreintetlərdən ən çoxu protein mənşəli infeksiyalardır. Bu da son dərəcə ağır vəziyyətdə deyil. Uşaqlarda fəsil dəyişkənliyi ilə bağlı qusma, ishal halları olur. Hazırda xəstəxanamızda bu kimi hallarla şikayət edən xəstələrin sayı çoxluq təşkil etmir".
Rayifə xanımın sözlərinə görə, azyaşlılar arasında infeksion xəstəliklərin yayılmasına daha çox fəsil dəyişikliyi vaxtı rast gəlinir: "Bu da uşaqların yay fəslində daha çox torpaqda, qumda oynaması ilə əlaqədardır. Bu xəstəliklərin etiologiyası məlumdur. Yəni bu, infeksion xəstəlik hesab olunur. Bunun yaranması isə birbaşa təmizliyə riayət olunmaması ilə bağlıdır. Əsas odur ki, valideynlər təmizliyə daha diqqətli olsunlar. Hazırda infeksion xəstəliklər 1 yaşlılar arasında 20 faiz təşkil edir. 5-10 yaşlılar arasında isə infeksion xəstəliklər daha çox yayılmış olur. Bu virus deyil, mikrobdur".
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 1 milyarda yaxın diareya (qarıngetmə) halı qeydə alınır və 5 milyon uşaq hər il bağırsaq infeksiyası nəticəsində həyatını itirir.
Rayifə Naci qeyd edib ki, bağırsaq infeksiyaları və diareyaların profilaktikası üçün uşaqlar sanitar-gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Uşaq tərbiyə müəssisələrində yeməklərin bişirilməsi və oyuncaqların təmizliyinə sanitar nəzarət, həmçinin məktəbəqədər və məktəbyaşlı uşaqlara şəxsi gigiyena qaydalarının öyrədilməsi vacibdir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub