Arif Məlikov: "Üzeyir bəyi yolda görənlər baş əyərdi"

Artıq illərdir davam edir bu ənənə. Hər il sentyabrın 18-də musiqi ictimaiyyətinin nümayəndələri Üzeyir Hacıbəylinin adını daşıyan təhsil ocağının qarşısına toplaşır, musiqi Milli Musiqi gününü qeyd edirlər.

 

APA TV-nin məlumatına görə, bu il də istisna olmayıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında Üzeyir Hacıbəylinin dünya miqyaslı sənətkar olduğunu bildirib və qeyd edib ki, onun doğum günü həm də böyük festivalın açılışı ilə yadda qalır: "Musiqi günüdür. Üzeyir Hacıbəylinin ad günü olmaqla yanaşı, həm də böyük festivalın ilk günü kimi qeyd olunmaqdadır. Dövlət Filarmoniyasında da açılış mərasimi olacaq. Orada bir həftə müddətində həm Azərbaycan, həm də dünya musiqisi nümunələri səslənəcək".

 

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli bildirib ki, bu cür açıq hava konsertləri Maestro Niyazinin təşəbbüsü ilə keçirilməyə başlayıb. O, musiqi sahəsində böyük uğurların əldə olunduğunu, xüsusilə bəstəkarlıq və ifaçılıq sahəsində nailiyyətlərin əldə edildiyini vurğulayıb: "Bizim bütün uğurlarımız Üzeyir bəylə bağlıdır. İlk opera, ilk balet, ilk simfonik əsərlər, kamera musiqisi, romanslar, hətta caz. Arzu edirəm ki, onun əsərləri Şuşada səslənsin".

 

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Səyavuş Kərimi isə qeyd edib ki, yaxın günlərdə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası Rusiyanın paytaxtı Moskvada təqdim olunacaq: "110 ildə ilk dəfə "Leyli və Məcnun" operası Moskvada təqdim olunacaq. Tamaşa artıq diqqət mərkəzindədir. Üzeyir Hacıbəyli musiqisinin təbliğatı davam etməlidir. Çünki bu musiqi ilə Azərbaycan tanınır".

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyli irsinin tükənməz olduğunu söyləyib :"Onun əsərləri ABŞ-dan başlamış Çinə qədər bütün dünyanı əhatə edir. Biz "Leyli və Məcnun" operası amerikalı xoreoqraf Mark Morris xalq artisti Alim Qasımov və onun qızı Fərqanə Qasımova ilə birgə yeni tərzdə təqdim olunub".

 

Xalq artisti Arif Məlikov Azərbaycan var olduqca, Üzeyir bəyin də yaşayacağını deyib: "Mən Üzeyir Hacıbəyovu sevməyən insan görməmişəm. 1948-ci ildə, vəfatına az qalan dövrdə o, konservatoriyadan evə piyada gedərdi. Hər görən baş əyərdi. Az adam var ki, xalq sevgisini qazanıb".

 

Mərasim boyu Dövlət Xor Kapellası və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Üzeyir Hacıbəylinin əsərlərini səsləndirib.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR