Azərbaycanda futbolçu kabel oğurluğuna görə tutuldu

Sumqayıt Telekommunikasiya Qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabeli kəsilərək oğurlanıb.

 

APA TV-nin xəbərinə görə, keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən  şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.

 

İstintaqla müəyyən olunub ki, dəstə üzvləri rabitə kabelini sentyabrın 9 və 15-də  oğurlayıblar. Onlar kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satıblar. Onlar da istintaqa cəlb olunub.

 

Qeyd edək ki, saxlanılan Nicat Muxtarovun "Sumqayıt" futbol klubunun üzvü olduğu bildirilir. Nicat Muxtarov əvvəllər Zaqatalanın "Simurq", Bakının "Rəvan" və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında da forma geyinib. O, "Sumqayıt"a 2015-ci ilin yayında keçib. Nicatın oğurluqda iştirak edib-etmədiyi istintaqın yekununda müəyyənləşəcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR