Prezident 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak edib

Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

Təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, 20 nömrəli məktəb-liseyin əsası 1958-ci ildə qoyulub. 1988-ci ildə məktəbin daha 4 korpusu tikilib istifadəyə verilib. 2007-ci ildə isə prezident İlham Əliyevin sərəncamı ilə məktəbin binası əsaslı şəkildə təmir edilib. Elə həmin il sentyabrın 15-də - Bilik günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəbdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi zərurətə çevrilib. Bunu nəzərə alan prezident İlham Əliyev müvafiq göstəriş verib və bu təhsil ocağı üçün əvvəlkindən daha böyük, ən müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib. Ölkəmizin ən böyük təhsil müəssisəsi olan 20 nömrəli məktəb-liseyin binası indi paytaxtın müasir və memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir.

 

Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.

 

Məktəbdə yaradılan şəraitlə tanış olan prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. Təhsil ocağında məktəbəqədər hazırlıq sinifləri də nəzərdə tutulub. Bununla yanaşı, burada 8 sinifdən ibarət olan Məktəbəqədər Təhsil Mərkəzi də fəaliyyət göstərəcək. Hazırda məktəb 4000 şagird yerlikdir. Yenidənqurmadan əvvəl isə bu təhsil ocağı cəmi 2500 yerlik olub. Burada 145 sinif otağı və fənn kabinetləri, həmçinin 7 laboratoriya var. Azərbaycan və rus bölmələri ilə birlikdə ümumilikdə 119 sinifdə 3300 şagird təhsil alır. Təhsil ocağında 260 müəllimdən ibarət pedaqoji heyət çalışır.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşüb, onları Bilik günü münasibətilə təbrik ediblər. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şagirdlərlə xatirə şəkli çəkdiriblər.

 

Sonra prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib: "Sabahınız xeyir olsun. Mən ilk növbədə sizi yeni dərs ili münasibətilə təbrik etmək istəyirəm. Bu dərs ilində siz yeni məktəbdə oxuyacaqsınız, işləyəcəksiniz. Bütün uşaqları, şagirdləri, müəllimləri bu gözəl hadisə münasibətilə təbrik edirəm.

 

İyirmi nömrəli məktəb indi dünyanın ən yüksək standartlarına cavab verir. Bəlkə də biz özümüz yeni standartları müəyyən edirik. Bu məktəbin çox böyük tarixi var, həmişə ölkəmizin ən böyük məktəbi olmuşdur və bu gün də ölkəmizin ən böyük məktəbi kimi öz fəaliyyətini yeni binada davam etdirir".

 

Valideyn Jalə Seyidli ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib: "Mənim övladım 20 nömrəli məktəbdə təhsil alır. Bir qədər həyəcanlıyam. Çünki Prezident, Ali Baş Komandan qarşısında və Birinci vitse-prezident qarşısında həyəcansız danışmaq olmur. Bu cür gözəl məktəbə, ümumiyyətlə, Azərbaycan təhsilinin inkişafında gördüyünüz işlərə görə Sizə və Mehriban xanıma təşəkkür etmək istəyirəm. Nazirlik məlumat verib ki, bu il ölkəmizdə təhsilin inkişafı üçün yeni layihələr həyata keçiriləcək. Bir valideyn olaraq çox sevinirəm ki, bu qədər problemlərə, qayğılara, dünyada gedən gərgin siyasi proseslərə baxmayaraq, Prezidentimiz və onun xanımı təhsilə, məktəblərə hərtərəfli dəstək olurlar. Çox sağ olun".

 

Prezident İlham Əliyev: "Təşəkkür edirəm, çox sağ olun. Valideynləri də, müəllimləri də təbrik edirəm, yeni-yeni uğurlar arzulayıram".

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR