"Anamı istəyirəm!" - BİLİK GÜNÜNDƏN REPORTAJ

Valideynlərinin əlindən bərk-bərk yapışanlar kim, şəkil çəkdirənlər kim, ağlayanlar kim, hələ məktəbin nə olduğunu dərk etməyənlər kim, bu anı sevinclə qarşılayanlar kim... Yəqin bildiniz, söhbət birincilərdən gedir.

 

Bu gün Azərbaycanda Bilik günü qeyd edilir. Gültəkin Əsgərov adına 200 N-li tam orta məktəbdə yeni tədris ili Azərbaycanın himni ilə başladı. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış edərək birinciləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzuladı. Məktəbin adını daşıdığı Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova isə bütün şagirdlər üçün bu günün əziz olduğunu bildirdi: "Mən bu gün münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Siz yenə də builki kimi çox böyük müvəffəqiyyətlə bu məktəbi bitirib, ali məktəbə daxil olasınız. Bu gün əziz gündür. Bu gün bilik günüdür. Mənim bir nəticəm də bu gün birinci sinfə gedir. Mən istəyirəm siz məktəbi sevəsiniz layiqincə oxumağı bacarasınız".

 

Daha sonra birinciləri ilk dərsə aparan zəng səsləndi. 

 

Artıq yeni tədris ili başladı. Birincilər üçün ilk zəng çalındı. Onlar öz sinif otaqlarına keçərək, yeni dərs həftəsinə başlayır.

 

Valideynlər uşaqları siniflərə aparıb yerləşdirdikdən sonra hələ psixoloji olaraq məktəbə hazır olmayan birincilərin bir çoxu ağlayırdı: "Adım Məryamdır. Anamı istəyirəm".

 

Ağlayanlarla yanaşı, dərs ilinə sevinc hissi ilə başlayanlar da vardı: "Mən yaxşı hiss edirəm özümü. Mən bağçaya gedirdim, indi məktəbə keçdim. Məktəb yaxşıdır".

 

İbtidai sinif müəlliməsi Laçın Quliyeva 30 ildən çoxdur pedaqoji fəaliyyətlə məşğuldur: "Bütün şagirdlərimə uğurlar arzulayıram, qoy həmişə sağlam aktiv və məqsədyönlü olsunlar. Qoy onlar hər zaman bilik əldə edib pillə-pillə zirvəyə qalxsınlar".

 

Digər sinif otağında isə uşaqları məktəbə alışdırmaq və onların həyəcanını dəf etmək üçün sinif müəlliməsi onlarla oyun keçirirdi: "Uşaqlarla tanış oldum, adlarını öyrəndim. Məktəbə gələnə kimi misalları, vurmaları, hərfləri öyrənmişəm. Bu gün danışdıq ki, icazəsiz hər şeyi etmək olmaz. Müəllimədən icazəsiz yemək olmaz, su çıxarmaq olmaz. Dərslərini yaxşı oxumaq lazımdır".

 

Sinif rəhbəri Güləbatın Məmmədova 10-cu buraxılışını qəbul edir: "İnanın ki, bu balacalar kimi, mən özüm də həyəcanlıyam. Uşaqlarımızı çox sevdim. Çox ağıllı uşaqlardır. Özləri haqqında məlumat verdilər. Yeni tədris ilində uğurlar arzulayıram".

 

Uşaqlarla yanaşı, valideynlər də həyəcanlı idi: "Birinci sinfə gedir rus bölməsinə. Görək necə oxuyacaq. Çox həyəcanlıyam. Psixoloji olaraq da tam hazırdır. Şadam ki, bu gün bizə nəsib olub. Sağ-salamat məktəbi bitirsinlər xoş günlərini görək".

 

Daha sonra paytaxtın Yasamal rayonundakı 158 və Sabunçu rayonundakı 112 saylı tam orta məktəblərdə də olduq. Burada da Bilik gününə həsr olunmuş tədbir keçirildi. Birincilər öz məharət və bacarıqlarını nümayiş etdirdilər və öz sinif otaqları ilə tanış oldular.

 

Qeyd edək ki, bu il Azərbaycanın orta məktəblərinə bütün siniflər üzrə 1 445 049 şagird gedəcək. Yeni tədris ilində 164 945 şagird respublikanın ümumtəhsil məktəblərinin I siniflərində təhsil alacaq. Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR