Xalasıgilə qonaq getdi, əri bıçaqladı - GORANBOYDA QANLI HADİSƏ

Xocalı Rayon Polis Şöbəsinə Bakı şəhər sakini 23 yaşlı Marat Hüseynzadənin xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, dərhal xəstəxanaya gələn şöbənin əməliyyat qrupu zəruri istintaq hərəkətlərinə başlayıb.

 

Cərrahiyyə əməliyyatından sonra müstəntiqə ifadə verən Marat anasının məzarını ziyarət məqsədilə Rus Borisi kənd qəbiristanlığına gedən zaman xəsarət aldığını bildirib. Lakin ilkin ifadəsində ziddiyyətli məqamların olması polislərdə şübhə yaradıb. Əməliyyat yolu ilə müəyyən edilib ki, zərərçəkən xalasının 36 yaşlı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

 

Baş müstəntiq Fərhad Cəfərovun sözlərinə görə, Həsənov Nurəddin Saləddin oğlu masanın üzərinə qoyulmuş məişət təsərrüfat təyinatlı bıçağı götürüb və qarın boşluğuna vuraraq onun sağlamlığına qəsdən xəsarət yetirib. Tərəfimizdən faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

İsti izlərlə saxlanılan Nurəddin Həsənov Bakı şəhərindən evinə qonaq gələn Marat Hüseynzadəni bıçaqladığını etiraf edib. Mübahisə isə tərəflər arasında yeyib-içdikdən sonra baş verib. Sərxoş halda söz davasına çıxan Nurəddin Həsənovu həyat yoldaşı İnna İvliyeva sakitləşdirsə də, mətbəxdə tərəflər yenidən mübahisəni davam etdirib:  "Dalaşdıq, o, mənim gözümdən yumruqla vurdu. Mən də stolun üstündən bıçağı götürüb onu vurdum. Etdiyim əmələ görə çox peşmanam".

 

Hazırda xəstəxanada müalicə alan Marat Hüseynzadə polisə yalan danışmasına bu cür aydınlıq gətirib: "Qohumumdur, istəmirdim tutulsun. Həm də 4 uşağı var. Xalamın yoldaşıdır".

 

Spirtli içkinin sağlamlıq və azadlıqdan etdiyi şəxslərin sonrakı aqibəti aparılacaq istintaq araşdırmalardan sonra bəlli olacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR