Azərbaycanda məscidlərdə axundluq ləğv edilir

Azərbaycanda məscidlərdə axundluğun ləğv edilməsi, yalnız imamlıq institutunun saxlanılması təklif edilib.

 

APA TV-nin xəbərinə görə, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, İslam ölkələrinin demək olar ki, heç birində axund sözü işlənmir: "Nə İranda, nə Türkiyədə axund sözü işlənmir. Bizdə qalıb. Əgər icazə versəydiniz, biz belə qərar qəbul edərdik, gələcəkdə həmin axund vəzifəsini imam vəzifəsi kimi işlədək. Həm bu ilin  həmrəylik çərçivəsi olardı, həm də İslamda ayrı seçkilik olur. Bir məsciddə deyəndə ki, həm axunddur, həm də imamdır, demək, bu sünnidir, bu şiədir. Bunun özü də müəyyən qədər ayrı-seçkilik gətirir".

 

Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayı münasibətilə keçirilən tədbirdə Şeyxülislam Hacı Allahşükür Paşazadənin səsləndirdiyi bu təklifi dindarlar və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da dəstəkləyib. Komitə sədri məscidlərdə vahid sistemə keçməyin vaxtının çatdığını bildirib.  

 

Allahşükür Paşazadə idarənin Ağdam üzrə nümayəndəsi, axund Hacı Barata Məhərrəmlik ayında “Qasım otağı”nda pul yığdığı üçün irad tutub: "Qasım otağı"nda yeşik düzəldirsən. O yeşiyin də üzərindən deşik açırsan pul atmaq üçün. "Qasım otağı" nə üçündür? Pul atmaq üçündür, ya Qasım üçündür? Əgər məqsəd pul atmaq üçündürsə, "Qasım otağı"ndan istifadə etmək olmaz. Amma Həzrəti Qasımdan, İmam Hüseyndən danışmaq bunların hamısı bizim borcumuzdur. İfrat dərəcəsinə gəlib çatdı, məqsəd dəyişdi".

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib. Onun sözlərinə görə, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil: "Buna nəzarət eləmək lazımdır. Bəzən səs o qədər güclü olur ki, yaxın iki məscidin səsi bir-birinə qarışır, insanlar deyilənləri ayırd edə bilmirlər. Güclü səs ətrafa da narahatlıq verir. Bizə rayonlardan müraciətlər daxil olur ki, bəzən gecə saat 12-də mikrofonla yüksək səslə mərsiyələr deyilir, bu isə həmin vaxt yatmış insanlara mane olur".

 

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. Fətvada deyilir ki, Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır. Yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR