Rusiyanın şimalında NATO fəallığı: İSVEÇDƏN GÖZLƏNİLMƏZ ADDIM

İsveçdə "Avrora-2017" adı altında son 20 ilin genişmiqyaslı hərbi təlimləri başlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölkə rəsmiləri hərbi manevrləri Rusiya təhlükəsindən qorunmaq cəhdi ilə izah edir.

 

Təlimlər şərti rus əsgərlərinin Hotland aeroportuna enişi ssenarisi ilə başlayır. Hər şey film ssenarisini xatırlatsa da, rəsmi Stokholm bu ehtimalın reallaşacağını istisna etmir.

 

İsveçin müdafiə naziri Peter Hulkvist isə təlimlərin ordu tərəfindən keçirildiyini və NATO ilə əlaqəsinin olmadığını açıqlayıb: "Heç bir alyansa qoşulmadan belə digər dövlətlərlə əməkdaşlıq hüququmuz var. İsveç alyansdan müstəqil ölkədir və digər dövlətlərə qarşı hər hansı ambisiyamız yoxdur. Digər tərəfdən ölkəmiz hərbi potensialını gücləndirmək niyyətindədir".

 

Bu arada hərbi ekspertlər 20 min hərbçinin cəlb olunduğu təlimlərin Qotland adasının müdafiəsini gücləndirmək məqsədi daşıdığını ehtimal edir. Adanı strateji edən faktor onun Baltik dənizinin cənubunu nəzarətdə saxlamaq üçün əlverişli mövqedə yerləşməsidir.

 

Analitiklərdən Karlis Neretniksin sözlərinə görə, ölkədə 1993-cü ildən ötən 24 ildə heç bir hərbi təlim keçirilməyib.

 

Federasiya Şurasının üzvü Aleksey Puşov isə hesab edir ki, bu təlimlər İsveç daxilində ölkənin NATO-ya qoşulmasına tərəfdar olanların təşəbbüsüdür. Onun fikrincə, bununla rəsmi Stokholm NATO üzvü olmadan belə alyansın tərəfdaşı olduğunu isbatlamağa çalışır.

 

Yeri gəlmişkən, təlim əleyhdarlarının birləşdiyi "Stop Aurora" hərəkatı hərbi manevrlərin dərhal dayandırılmasını və ölkənin neytrallığına riayət olunmasını tələb edir.

 

Bir məqam da var ki, bu da Ukraynada ABŞ və 15 dövlətin iştirakı ilə eyni bəhanə, yəni Rusiyadan gələcək təhlükəni önləmək üçün 2500 nəfərlik şəxsi heyətin birgə təlimlərə cəlb olunmasıdır.

 

ABŞ-ın Şərqi Avropa və Baltikyanı regionda yerləşirəcəyi hərbi texnikanın bir hissəsi artıq Qdanska gətirilib. Ekspertlər bütün bu addımlarda paralel aparmasa da, Polşa və Ukraynadakı hərbi aktivliyin əbəs olmadığını və bununla adı çəkilən dövlətlərin "Qərb-2017" Rusiya-Belarus birgə təlimlərinə cavab verdiyini hesab edir.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR