Florida "İrma"dan sonra: İNSANLAR EVƏ QAYIDA BİLMİR

Florida sakinləri evlərinə ən tez bir neçə həftədən sonra qayıda biləcək. APA TV-nin "Euronews"a məlumatına görə, hazırda bölgədə "İrma" qasırğasının səngidiyi müşahidə olunur və təbii fəlakətin aradan qaldırılması üçün tədbirlərə start veriləcək.

Bu barədə prezident Donald Trampın köməkçisi Tom Bossert bildirib.

Bölgədə xilasetmə işləri davam edir. İşlərə ordu qüvvələri də cəlb edilib. Dağıtılar böyük bir ərazini əhatə edir. Xəsarət görmüş və ya uçmuş evlərin sayı 6 milyon 500 mini keçib:

"Evlərinə dönmək istəyənlər, yerli hakimiyyət nümayəndələrinə müraciət etməlidir. Onlar əmin olmalıdır ki, hansısa təhlükəli hadisə baş verməyəcək. Bu vacibdir. Qasırğanın səngiməsi sizi arxayın etməsin. Elektrik enerjisi kəsilib, adicə yollarla hərəkət etmək mümkün deyil" - deyə, Florida qubernatoru Rik Skott əhaliyə xəbərdarlıq edib.

Neyplse şəhəri tamamilə suyun altındadır. Suyun səviyyəsi 2 metri keçib:

"Bizim evimiz nisbətən yaxşı vəziyyətdədir, amma şəhərin çox hissəsində vəziyyət çətindir. Mağazalar suyun altındadır. Biz nə qədər hazırlaşsaq da, fəlakət öz sözünü dedi. Elektriksiz yaşamaq isə daha çətindir".

Xatırladaq ki, "İrma" Floridadada iki nəfərin həyatına son qoyub. Adı çəkilən bölgədə küləyin gücü zəifləsə də, qonşu Cənubi Karolina, Alabama, Tennesi və Missisipidə "həyəcan siqnalı" elan edilib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR