Ağcabədidə yanan klubdakı baxça köçürüldü

Ağcabədidə yanan klubda fəaliyyət göstərən uşaq bağçası müvəqqəti yerlə təmin olunub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Hüsülü kənd 2 saylı körpələr evi-uşaq bağçası kənd bələdiyyəsinin binasına köçürülür. Körpələr evi-uşaq bağçasının müdiri Aybəniz Xəlilova APA TV-yə bildirib ki, yanğın zamanı müəssisəyə xeyli ziyan dəyib. Yanğından mühafizə olunan əşyalar bələdiyyə binasına köçürülür. 3 qrupdakı 55 uşaq yaxın günlərdə yenidən bağçaya gələ biləcəklər.

 

Aybəniz Xəlilova baxça müdirəsi: “İndi bərpa olunur bura. Bələdiyyənin binasında bizə yer veriblər. Orda işə başlayacağıq. Sonra Allah qoysa yeni bina tikilər”.

 

Qeyd edək ki, yanğın baş verən binada məcburi köçkünlər də yaşayıb. əşyalarının çoxun yanan məcburi köçkün ailələri gecələri klubun həyətində yatırlar.

 

Kəklik Əhmədova, bələdiyyə sədri: “Yanan bina qış klubudur. Baxça da orada yerləşirdi, 6 ailə də məskunlaşmışdı. Otaqlar yandı, hamısı qaldı çöldə”.

 

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov APA TV-yə bildirib ki, yanğının səbəbləri araşdırılır:  Elçin Qədimov onu da deyib ki, binada məskunlaşan ailələrə dəyən ziyanın miqdarı dəqiqləşdirilir.

 

Xatırladaq ki, Ağcabədinin Hüsülü kəndində klub binasının məcburi köçkünlər məskunlaşan hissəsində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verib. Ümumilikdə 6 məcburi köçkün ailənin yaşadığı binada yanğın zamanı 3 ailənin yaşadığı otaqlar - 192 kv.metr sahədə yanıb.

 

Binada Hüsülü kənd uşaq bağçası da fəaliyyət göstərirdi.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR