"Könüllülər Yurdu - Azərbaycan" layihəsi başa çatdı
Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı keçirilən "Könüllülər Yurdu - Azərbaycan" layihəsi başa çatıb.
APA TV-nin xəbərinə görə, layihənin bağlanış mərasimində Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və layihənin fəalları iştirak edib.
"Könüllülər Yurdu - Azərbaycan" layihəsi 24 şəhər və rayonda həyata keçirilib. Layihə ərzində 8000-dən artıq ailəyə könüllülük fəaliyyəti ilə bağlı maarifləndirici bukletlər paylanılıb.
İnam Kərimov bildirib ki, bu gün Azərbaycan dövlət siyasətinin ən prioritet istiqamətlərindən birini gənclərlə iş, gənclər siyasəti təşkil edir: "Hər birimiz bilirik ki, "ASAN Xidmət"in yaranması ilə, ASAN Könüllərinin fəaliyyətə başlaması ilə respublikamızda könüllülük fəaliyyəti xüsusi bir vüsət alıb. Bu gün 10 nəfərlə başlayan könüllü fəaliyyəti artıq 12 mindən çox könüllünü öz ətrafına birləşdirir. Biz fəaliyyətə başladıqdan sonra könüllülər artıq "ASAN Xidmət"in ayrılmaz bir hissəsinə çevrildi. Biz bu gün "ASAN Xidmət"i könüllülərsiz təsəvvür edə bilmirik".
Daha sonra çıxış edən Azay Quliyev bildirib ki, az bir vəsaitlə bu qədər iş görmək böyük bir fədakarlıqdır: "Elə layihələr, elə təşkilatlar var ki, ondan da çox vəsait alır həm daxildə, həm xaricdə, amma onun gördüyü işlərin 1/4-ni həyata keçirə bilmirlər. Bu da nədən qaynaqlanır? Siz doğrudan da könüllü fəlsəfəsini dəqiq qiymətləndirmisiniz".
Qeyd edək ki, ümumilikdə 1000-ə yaxın gəncin iştirak etdiyi layihədə "Şəxsi İnkişaf", "Könüllülüyün fəlsəfəsi və tarixi", "ASAN Könüllüləri" Təşkilatı, "ASAN School" könüllük məktəbi və "ASAN Kadr" karyera mərkəzi, "Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar" mövzularında müxtəlif təlimlər keçirilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub