Azərbaycan prezidenti Vyetnam nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 11-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyev ölkələrimiz, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnamın Kommunist Partiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, bir neçə il əvvəl Vyetnama dövlət səfərini və səfər zamanı Azərbaycanın ali məktəblərinin vyetnamlı məzunları ilə görüşünü məmnunluqla xatırlayıb.
Dövlət başçısı eyni zamanda Vyetnamın sabiq prezidentinin Azərbaycana səfərinin əhəmiyyətinə də toxunub və bütün digər səviyyələrdə əlaqələrin möhkəmləndirilməsinin önəmini qeyd edib.
Prezident beynəlxalq təşkilatlarda əməkdaşlığın, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin, ticarət dövriyyəsinin artırılmasının, təhsil sahəsində ənənəvi əməkdaşlığın, ölkələrimiz arasında mövcud olan tarixi-mədəni əlaqələrin genişləndirilməsinin önəmini vurğulayıb.
Xanım Çionq Txi May ilk növbədə dövlətimizin başçısına və Azərbaycan xalqına son illər əldə edilmiş böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcuddur. Çionq Txi May bu münasibətlərin əsasının Vyetnam xalqının lideri Xo Şi Min və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla vurğulayıb.
Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinin tamam olacağını qeyd edən vyetnamlı qonaq Azərbaycanın müxtəlif dövrlərdə ölkəsinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Xanım Çionq Txi May qeyd edib ki, Azərbaycan Vyetnamı Cənub-Şərqi Asiyada özünün etibarlı tərəfdaşı hesab edə bilər.
Görüşdə ölkələrimiz arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub