Mikayıl Cabbarov: "Müəllim peşəsinin nüfuzunun tam bərpası..."

Azərbaycanda iki il sonra qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması istiqamətində işçi görüş keçirilib.

 

APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov  bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüş təşkil olunub.

 

Onun sözlərinə görə, təklif olunan formata dair məlumatlar ictimaiyyətə açıqlanacaq: "Təhsil Nazirliyi  və Dövlət İmtahan Mərkəzi imtahanlarda tətbiq olunacaq yeniliklə bağlı birlikdə işlər aparır. Azərbaycanın məktəblərində 9 il öncə yeni proqram - kurrikulum tətbiq edilib. Layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daima həyata keçirilir".

 

Nazir deyib ki, Azərbaycanın təhsil sistemi yeni tədris ilinə tam hazırdır. Yay aylarında bütün lazımi və zəruri işlər həyata keçirilib. Bu işlər arasında ən vacibi müəllimlərin mərkəzləşdirilmiş imtahanı nəticəsində 4 mindən çox yeni müəllimin işə qəbul olunmasıdır: “Hazırda proses davam edir. Bu il təhsil sahəsində əldə olunan ən mühüm nəticələrdən biri də müəllim peşəsi nüfuzunun tam bərpa edilməsidir. Bunu müəllimlərin işə qəbul imtahanlarında iştirak edən namizədlərin sayından görürük. Bu il müsabiqəyə 49 min namizəd qatılıbsa, 2013-cü ildə bu rəqəm 14 minə yaxın idi. Müəllimlik ixtisaslarını seçən abituriyentlərin ballarının artdığını da müşahidə edirik. Əvvəllər 500-600 balla müəllimlik ixtisasına gedən abituriyentlər yox idisə, bu gün onların sayı yüzlərlədir”.

 

Nazir dərsliklərin hazırlanması prosesinə də aydınlıq gətirib. O qeyd edib  ki, ölkə qanunvericiliyə uyğun olaraq hər bir dərsliyin istifadə müddəti 4 ildir: “Dörd ildən bir həmin dərsliklər yenidən çap edilir. Təhsil Nazirliyi  dərslik istifadəçilərinə, şagirdlərə, valideynlərə, müəllimlərə bu məqamı xatırladır. İstifadə olunan dərslik növbəti ildə başqa bir şagirdə ötürülür”.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR