Qarabağ əlilləri və şəhid ailələrinə yeni evlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSN) tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri verilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan və Hacıqabulda inşa etdirilmiş 4 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.

 

Evlərin istifadəyə verilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə, həmin rayonların icra hakimiyyəti rəsmiləri və yerli ictimaiyyəti nümayəndələri iştirak edib.

 

Qeyd olunub ki, son iki ildə və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 603 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi yeni mənzillərlə təmin olunub. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni çoxmənzilli və fərdi yaşayış binalarının inşası, eyni zamanda hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir.

 

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının mütəmadi olaraq artırılması yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Daha sonra tədbirlərin iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

 

Qeyd edək ki, evlərdən ikisi Şirvan şəhərində şəhid ailələrinə, ikisi isə Hacıqabul rayonunda Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR