Aeroportlar bağlandı, küçəyə çıxmaq qadağan edildi, kütləvi təxliyələr - "İRMA" SƏBƏBİNDƏN

ABŞ-ın Florida ştatında güclü olan və şimal-qərbə doğru irəliləyən İrma qasırğası şiddətli tropik fırtınaya çevrilə bilər.

 

APA TV-nin məlumatına görə, ötən gün qasırğanın gücü 210 kilometr sürətlə dördüncü kateqoriyada qiymətləndirilib, sonradan ikinci dərəcəyə qədər zəifləyib.

 

Fəlakət səbəbindən 4 milyon ev işıqsız qalıb, ştatda sabaha qədər küçəyə çıxmağa qadağa qoyulub. Qadağaya baxmayaraq, Mayamidə soyğunçular dükanlara girməyə başlayıb. Polis oğurluq etməyə çalışan şəxsləri həbs edib.

 

Qasırğanın gücündən ağaclar yıxılıb, evlərin damı uçub. Həftə sonu təxminən 9 min uçuş ləğv olunub. Mayami hava limanı bu gün də bağlı qalacaq.

 

Rəsmi şəxslər İrma qasırğasına görə 3 nəfərin öldüyünü bildirib. Qasırğa ABŞ-a çatmamışdan Karib adalarında 28 nəfərin həyatına son qoyub. İrma ölkə tarixinin ən böyük təxliyəsinə yol açmışdı. Florida ştatının əhalisinin təxminən üçdə birinin - 6,5 milyon nəfərin məcburi köçürülməsinə qərar verili.

 

Şimali və Cənubi Karolina, Corciya və Vircinya ştatlarında da qismən fövqəladə hal elan olunub. ABŞ prezidenti Donald Tramp təbii fəlakət bəyannaməsini imzalayıb və federal təcili yardım mexanizminin hərəkətə keçirilməsini təsdiqləyib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR