Məhəbbət Vəliyeva: "İş dəftəri”nin alınması ilə bağlı heç bir məcburiyyət yoxdur"

İbtidai siniflərdə “İş dəftəri”nin alınması və olması ilə bağlı heç bir məcburiyyət yoxdur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, bu, uşaqların müstəqil işi üçün lazım olan tapşırıq dəftəridir. Onun sözlərinə görə, uşaqların inkişafına təsir edən əlavə tədris materiallarının çoxluğu onların təhsilinə xidmət edir.

 

M.Vəliyeva qeyd edib ki, Azərbaycanda son 3 ildə I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi bir çox məsələlərin həllinə müsbət təsir edir. Hazırda Bakı məktəblərinin yalnız 15 faizində şagird sıxlığı müşahidə edilir: “Həmin məktəblərdə də uşaqların qəbulu mikro-ərazi prinsipi əsasında aparılır. Bundan əlavə, uşağın bacı-qardaşı həmin məktəbdə oxuyursa, valideynlərə problem yaratmamaq üçün həmin uşaqlar da bu məktəblərə yerləşdirilir. Bakının 85% məktəbində isə heç bir sıxlıq müşahidə olunmur, nəticədə mikro-ərazi prinsipi tətbiq edilmir. Valideynlər uşaqlarını istədikləri məktəbə yerləşdiriblər”.

 

Məhəbbət Vəliyeva 20 saylı məktəb-liseydə aparılan təmir işləri ilə bağlı məsələyə də münasibət bildirib: "Yeni məktəbdə artıq təmir-tikinti işləri yekunlaşıb. Məktəb-liseydə sentyabrın 15-nə - Bilik gününə hazırlıq işləri gedir. Yeni tədris ilində 20 nömrəli məktəb-lisey fəaliyyətə başlayacaq".

 

Qeyd edək ki, bu gün təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Məhəbbət Vəliyeva konfransdakı çıxışında bildirib ki, son bir il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində idarənin Daxili nəzarət sektoru tərəfindən müvafiq tədbirlər görülüb: "Bakı şəhər Təhsil İdarəsinin 1 əməkdaşı, 15 təhsil müəssisənin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant, 1 günü uzadılmış qrup rəhbəri vəzifədən azad edilib. Eyni zamanda Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim, 1 uşaq birliyi rəhbəri intizam məsuliyyətinə cəlb olunub. Bundan başqa, 16 təhsil müəssisəsinin rəhbəri, 3 direktor müavini, 78 müəllimə xəbərdarlıq edilib".

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR