11 sentyabr terrorundan 16 il keçdi
Müasir dünyanın taleyini dəyişdirən 11 sentyabr hadisələrindən 16 il ötür. APA TV-nin xəbərinə görə, təqvimin bu günü dünya tarixində ABŞ-da baş verən silsilə terror aktları ilə qalıb.
2001-ci il sentyabr ayının 11-də Vaşinqton və Nyu-York şəhərləri "əl-Qaidə" terror təşkilatının hücumuna məruz qaldı. Yerli vaxtla saat 08:46-da Amerika Hava Yolları ("American Airlines") şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi eyni taleyi yaşadı. 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev idi.
Ümumilikdə 11 sentyabr terroru nəticəsində 3 mindən çox adam öldü. Qurbanlar arasında terror aktı zamanı binada olan şəxslər, terror aləti kimi istifadə olunan dörd təyyarənin sərnişinləri və ekipajı, xilasedicilər, polislər, mühafizəçilər və yüzlərlə başqa şəxslər var idi. 6 mindən çox insan isə yaralanmışdı.
Federal Təhqiqat Bürosu Amerika tarixində ilk dəfə PENTTBOM əməliyyatı adlanan böyük araşdırma başlatdı. Şübhəlilər 72 saat içində müəyyənləşdirildi. Məlum oldu ki, terrorun əsas şübhəlisi olan "əl-Qaidə" lideri Üsamə bin Laden bu əməliyyatı Əfqanıstanda bir mağarada planlaşdırıb. 2001-ci il sentyabrın 27-də Federal Təhqiqat Bürosu 19 terrorçunun milliyyəti və uydurma adları haqqında məlumatları və şəkillərini yayımladı. Onlar əsasən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Misirdən idilər.
11 sentyabr hadisələri ABŞ-ın xarici siyasətində köklü dəyişikliyə səbəb oldu. Məhz bu hadisələrdən sonra rəsmi Vaşinqton beynəlxalq terrorizmə qarşı mübarizəni öz xarici siyasət kursunun əsas prioritet istiqaməti elan etdi. NATO-nun Əfqanıstanda antiterror əməliyyatına başlamasında 11 sentyabr hadisələri katalizator rolunu oynadı.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub