Neftin qiyməti 54 dolları keçib

Birja iştirakçıları 2018-ci ildə neft bazarında balans yaranacağını gözləyirlər. Səudiyyə Ərəbistanının neft təklifini azaldacağına dair verdiyi vədlər balansın formalaşmasına təsir göstərməyə başlayıb.

 

APA TV-nin xəbərinə görə, birjalarda həftənin ilk iş günü neftin qiymətində artım qeydə alınıb. Səhər keçirilən ticarət sessiyalarında “Brent” markalı neftin qiyməti 54,08 dollar təşkil edib. Bu, ötən həftənin son qiymətindən az olsa da, ümumi tendensiyada artım xətti müşahidə olunur.

 

“Harvi” və “İrma” qasırğalarının ABŞ iqtisadiyyatına vurduğu zərər neftin qiymətinə təsirini saxlamaqdadır. Qasırğadan sonra neftayırma zavodlarının fəaliyyətini bərpa edə bilməməsi Qərbi Texas neftinə marağı azaldıb, səhər seanslarında bu markadan olan neftin maksimum satış qiyməti 47,89 dollar olub. “Brent” və WTİ markaları arasında qiymət fərqi ilk dəfə 6,19 dollar olub ki, bu da neftin qiymətinə ABŞ-dan qaynaqlanan faktorların getdikcə zəifləməsi deməkdir.

 

Sabah Amerika Neft İnstitutu ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair növbəti proqnoz xarakterli hesabatı açıqlayacaq. Analitiklərin fikrincə, bu həftə ölkədə benzin ehtiyatlarının ciddi şəkildə azalması, neft ehtiyatlarının isə artması gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR