Tiryəklə tutulan şəxs: "Bir az ağrılarım var idi"

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dibçəkdə narkotik maddə əkən Cimi kənd sakinini saxlayıb.

 

APA TV-nin xəbərinə görə, İslam İskəndərovun həyətyanı sahəsinə baxış zamanı ümumi çəkisi 2 kq-a yaxın 24 ədəd çətənə kolu aşkarlanıb.

 

Bundan əlavə, İslam İskəndərovun yaşadığı mənzildən 1 kq 120 qram qurudulmuş narkotik vasitə aşkar edilərək götürülüb. O, çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini deyib: "Özüm istifadə eləmək üçün. Peşman olmuşdum, çıxarıb hamısını atmışdım uçuq tövlə damına".

 

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Quba sakini Xoşbəxt Məmmədovun üzərindən qara rəngli siqaret kağızına bükülmüş, şəxsi istehlak miqdarından artıq narkotik maddə olan tiryək aşkar edilib. Saxlanılan şəxs səhhətində problem olduğu üçün tiryəkdən istifadə etdiyi bildirib: "Üstümdən narkotik vasitə çıxıb. Əvvəllər də məşğul olmuşam bu işlərlə. Bir az ağrılarım var idi, ona görə. Çox peşmanam, bir də elə işlərlə məşğul olmaram".

 

Hər iki faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR