Delfinlər xilas edildi, insanlar köçürülür, elektrikdən istifadəyə qadağa! - "İRMA" KUBANI VURDU

"İrma" qasırğası Kubanı cənginə alıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Kayo-Romano adasında artıq dağıntılar qeydə alınıb.

Küləyin gücü hazırda saatda 71 kilometrə çatır. Son iki gün ərzində təbii fəlakət nəticəsində Karib dənizi hövzəsində 22 nəfər həyatını itirib.

Qasırğa yalnız insanların yox, delfinlərin də ölümünə səbəb olur. Kubalı xilasedicilər 6 delfinin həyatını xilas edə bilib. Canlılar hazırda ölkənin cənubundakı Syenfueqos kurortundakı hotellərdən birinin hovuzuna buraxılıb. Onları helikopterlər vasitəsilə daşıyıblar.

Bununla yanaşı 10 minə yaxın turist də təhlükəsiz bölgələrə təxliyə edilib. Yerli sakinlər isə təşkil edilən 45 müvəqqəti sığınacağa köçürülüb.

Qasırğa leysanla müşayiət olunur. Bir neçə bölgədə daşqınlar yaşanır.

Kuba Vətəndaş Müdafiəsi Xidməti ölkənin mərkəzi əyalətlərində "həyəcan siqnalı" verib. Yaşayış məntəqələri boşaldılıb, nəqliyyatın hərəkəti, elektrik enerjisindən istifadə edilməsi təhlükəsizlik səbəbindən qadağan edilib.

"İrma"nın saatda 260 kilometr sürətlə ABŞ-ın Florida ştatına da keçəcəyi proqnozlaşdırılır. Fırtınanın Alabama ştatında da fəsadlar törədəcəyi ehtimalı böyükdür.

Bu barədə ABŞ-ın Qasırğaların Milli Monitorinq Mərkəzindən bildirilib.

ABŞ-a yaxınlaşan q asırğanın Floridaya 1,2 milyard dollar ziyan vuracağı proqnozlaşdırılır. Adı çəkilən ştat ölkənin ikinci iri aqrar bölgəsidir.

Bu səbəbdən artıq ABŞ-da kənd təsərrüfatı məhsullarının qiymətində bahalaşma qeydə alınıb.

Bununla yanaşı Amerika və Karib ölkələri sahillərinə dağıdıcı daha bir - "Xose" qasırğası da yaxınlaşır. Onun sürətini isə saatda 240 kilometrə çatacağı deyilir.

Bu arada prezident Donald Tramp ölkəyə dəymiş və dəyə biləcək ziyanın aradan qaldırılması üçün büdcədən 15,25 milyard dollar ayrılması barədə sərəncam imzalayıb. Bu barədə Ağ Evin saytında yazılıb.

Xatırladaq ki, bundan öncəki "Harvi" qasırğası Texasda 60 nəfərin həyatına son qoyub, ciddi fəsadlara səbəb olub. "Harvi"nin ABŞ-a vurduğu zərərin dəyəri isə 190 milyard dollara çatıb.



 

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR