Bakıda “26” adlı kafenin fəaliyyəti dayandırıldı

Bakının “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe bağlanıb.

 

APA TV-nin xəbərinə görə, əraziyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin icra başçısı Eldar Əzizov və polis əməkdaşları gəlib.

 

H.Abutalıbov deyib ki, Bakının mərkəzində “26” adlı kafenin açılması yolverilməzdir: “Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə “26” sözünü nəinki Azərbaycan, hətta ingilis  dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə Azərbaycanda yer yoxdur”.

 

Bakı meri həmçinin obyektin fəaliyyətinin dayandırılacağını, əmlakının isə müsadirə olunacağını deyib: "Obyekt bağlanacaq və onları müdafiə edənlər, buranı icarəyə verənlər və onlara havadarlıq edənlər Azərbaycanın cinayət məsuliyyətinə cəlb olunacaqlar. Hüquqi qiymət veriləcək, buna əmin ola bilərsiniz".

 

H.Abutalıbovun açıqlamasının ardınca kafe bağlanıb, kafenin adını bildirən "26" - “Twenty six” lövhəsi sökülüb, ora aid olan əmlak isə maşınlara yığılaraq aparılıb.

 

Kafenin icarədarı Ramin Məmmədov polis tərəfindən saxlanılaraq, bölməyə aparılıb.

 

Onu da qeyd edək ki, əvvəllər xalqımıza qarşı soyqırımı həyata keçirmiş 26 Bakı komissarlarının adını daşıyan bağın yaxınlığında "26" adlı kafenin fəaliyyət göstərməsi ictimaiyyət və bəzi tarixçilər tərəfindən narazılıqla qarşılanmış, etirazlara səbəb olmuşdu.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR