Samuxda toyda qanlı hadisə - 1 NƏFƏR BIÇAQLANDI

Samuxda "ciyər axşamı"nda yaranan mübahisə toyda davaya çevrilib. APA TV-nin qərb bürosunun xəbərinə görə, rayonun Alabaşlı kənd sakini Orxan Cəbrayılov həmyerlisi Ramiz Heydərovu bıçaqlayıb.

 

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs hadisədən sonra isti izlərlə saxlanılaraq istintaqa təqdim olunub. Araşdırmalar zamanı məlum olub ki, "Mosu" ləqəbli Şəmkir sakini Fərid adlı şəxs "ciyər axşamı"na təşrif buyuran Orxan Cəbrayılovla mübahisə edib. Lakin ətrafdakılar tərəfləri sakitləşdirərək gərginliyin böyüməsinə imkan verməyib. Bir gün sonra isə əsəblərini cilovlaya bilməyən Orxan yenidən toy evinə gələrək Fəridlə mübahisə edib. Bu zaman toyun iştirakçılarından olan Ramiz Heydərov Orxan Cəbrayılovla mübahisəyə girişib. Nəticədə Ramiz bıçaqlanıb.

 

Orxan Cəbrayılov törətdiyi cinayəti etiraf edib: "Dedim, ay Fərid, bəri dur, sizinlə söhbətim var. O vaxt Ramiz də bununla gəldi, boynumdan tutaraq məni boğdu. Sonra başıma iki dənə yumruq vurdu. Sonra araladılar bizi. Aralayandan sonra çıxartdım vurdum".

 

Yaralı ətrafdakıların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan Ramiz Heydərovun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR