Son 30 ilin ən güclü zəlzələsi: bir neçə ölkədə sunami təhlükəsi gözlənilir

Meksikada baş verən zəlzələ sunami təhlükəsi yaradıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, zəlzələnin episentri yarım milyon əhalisi olan Tustla-Qutyerres şəhərindən 202 kilometr cənubda olub.  


Yeraltı təkanlar Qvatemala, Salvador, Ekvador, Kosta-Rika, Nikaraqua və zəif də olsa hətta Yeni Zelandiyada hiss edilib. Adı çəkilən ölkələrin sahil şəhərlərində də sunami təhlükəsi böyükdür.

Meksikanın Çiapas və Tobasko ştatlarında 7 nəfər həyatını itirib. Onlardan ikisi uşaqdır. Ölü sayının artacağı istisna olunmur.

Ölkədə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Kommunikasiya xətləri ciddi zədələnib, bir neçə yaşayış məntəqəsində yüksək gərginlikli transformatorlar partlamağa başlayıb.

Seysmoloji mərkəz ard-arda 61 afterşokun müşahidə edildiyi barədə xəbər yayıb, onların ən zəifinin gücü 6,1 bal gücündə dəyərləndirilir.

Ölkənin paytaxtı Mexikoda da titrəmələr müşahidə edilib, insanlar evlərini tərk etməyə başlayıb. Prezident Enrike Penya Nyeto ordunun səfərbər edilməsi barədə əmr verib, Milli Komitənin təcili iclası çağırılıb. Zəlzələnin daha güclü hiss olunduğu bölgələrdə fövqəladə vəziyyət elan edilib.

Bu, son 30 ilin ən güclü zəlzələsi hesab edilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR