Ağdaşda çəltik yığımına başlanılıb

Ağdaşın kəndli fermerləri sentyabrın 4-də çəltik biçininə başlayıblar. Biçin prosesinə 20 ədəd kombayn cəlb olunub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hazırda ölkənin 11 rayonunda, o cümlədən Ağdaşda çəltik yetişdirilir.

 

Ağdaş ölkənin ən böyük çəltikçilik rayonu hesab edilir. Cari ildə Ağdaş rayonunun 59 yaşayış məntəqəsində 360 fermer və torpaq mülkiyyətçisi tərəfindən 2454 hektar sahədə çəltik əkilib. Bu, 2014-cü illə müqayisədə təqribən 5 dəfə, ötən illə müqayisədə 2 dəfə çox olmaqla respublikada əldə edilən ən yüksək göstəricidir. Bu il hər hektardan çəltiyin məhsuldarlığı 30-35 sentner olacaq və təqribən 8 min tona yaxın çəltik, yəni 6 min tonadək təmiz düyü istehsal ediləcək. Bu da təxminən 12 milyon manat vəsait və yaxud 7 milyon manat xalis gəlir deməkdir.

 

Bu il Ağdaş rayonunda çəltik əkini, becərilməsi və biçini ilə əlaqədar 2200 nəfər mövsümi işlə təmin olunub. Ağdaşlı fermerlər “Yerli bezos”, “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa”, “Ağ gilə” sortlarının əkilməsinə daha çox üstünlük verirlər. Yetişdirilən yerli düyü bu gün daxili bazarda “Ağdaş düyüsü” adı ilə tanınır və bir kiloqramı 1.5-2 manata satılır.

 

Qeyd edək ki, ötən il Ağdaşın 35 kəndində 175 fermer tərəfindən ümumilikdə 1311 hektar sahədə çəltik yetişdirilib və 2386 ton məhsul toplanılıb. Ötən il məhsuldarlıq hər hektarda 18.2 sentner olub.

 

Biçilən çəltik Ağdaşda mövcud olan 7 dəyirmanda emal olunaraq keyfiyyətli düyü əldə edilir. Çəltik şoran torpaqları saflaşdırdıqdan sonra onun yerində taxıl və tərəvəz əkini də aparmaq mümkün olur.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR