Azərbaycan prezidenti Rusiyanın Baş Qərargah rəisini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla qərbli həmkarları arasında Bakıda növbəti görüşün keçirilməsi üçün Azərbaycan tərəfinin məmnunluqla şərait yaratdığını vurğulayıb və qeyd edib ki, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir: "Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq".
Prezident İlham Əliyev qeyd edib ki, bu danışıqlar həm Azərbaycana olan etimadın nümunəsidir, eyni zamanda Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisidir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanla Rusiya Federasiyası arasında bütün digər sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu yaxınlarda keçirilən Beynəlxalq Ordu Oyunlarına toxunan prezident İlham Əliyev Azərbaycanın da bu yarışların keçirildiyi məkana çevrildiyini vurğulayaraq qeyd edib ki, ölkəmiz bu tədbirlərə az bir zamanda qoşulmasına baxmayaraq, artıq fəal iştirakçıya çevrilib.
Prezident İlham Əliyev ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib və qeyd edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun səfəri gündəlikdə duran məsələlərin və əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
Valeri Gerasimov Rusiya Federasiyası ilə Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib. O qeyd edib ki, ölkələrimiz arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur və Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.
Beynəlxalq Ordu Oyunlarına toxunan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, Azərbaycan komandası ötən il iki oyunda iştirak etmişdisə, bu il artıq beş yarışda iştirak edib və tədbirlərdən birinin təşkilatçısı olub.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub