Dövlət başçısı AYİB prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə mütəmadi olaraq ölkəmizdə və Davosda keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq, Suma Çakrabartinin Azərbaycana müntəzəm səfərlərinin əhəmiyyətini vurğuladı, bu səfərlərin həyata keçirilən işlər və gələcək planlarla bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığının səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə kredit portfelinin həcminin 3 milyard dollara yaxın olduğunu vurğulayaraq, onun böyük hissəsinin özəl sektora yönləndirilməsinin razılıq doğurduğunu deyib və bunun iqtisadiyyatımızın özəl sektorunun genişlənməsinin yaxşı göstəricisi olduğunu bildirib.
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlığımızın uğurlu olacağına ümid etdiyini bildirən prezident İlham Əliyev hazırda qarşıda digər planların və çağırışların olduğunu deyib. Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin artıq yekunlaşdırıldığını və ya tamamlanma mərhələsində olduğunu deyən prezident İlham Əliyev qarşımızda duran yeni iqtisadi inkişaf proqramının əsas məqsədinin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektora dəstək vermək olduğunu bildirib, bu istiqamətdə böyük imkanların mövcudluğunu qeyd edib. Prezident İlham Əliyev nəqliyyat, yeni logistik mərkəzlərin yaradılması ilə bağlı planların həyata keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti prezident İlham Əliyevlə əvvəlki görüşlərini xatırlayaraq, həmin görüşlər zamanı əməkdaşlığımızla bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb və bu səfəri zamanı da əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müəyyən ediləcəyinə əminliyini ifadə edib.
Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirakı, Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı, özəl sektora dəstək və məişət tullantılarının idarə olunması sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub